Dəli Çəmənli - страница 18

Шрифт
Интервал


Qoy unudulsun! Özü də, əməlləri də.

Deyəsən, ürəyinizi kövrəltdim bir az…


Qayıdıram söhbətimə;


Ala-göy üzüm salxımlarını yığıb qoynuma doldurar, sonra bir çəkil ağacının başında düzəltdiyim «kabinetimə» dırmanardım. Başlayardım ala-turş üzümləri yeməyə. Ta burada oxumazdım. Çünki, yerimi bilib, oturduğum «kabineti» əlimdən alardılar.

Belə gözəl uşaqlığım olub…

Yavaş-yavaş böyüdüm, boy atdım. Arzularım da böyüdü mənimlə, bu kəndə, onun bağlarına sığmaz oldu. Bir səhər atamdan qalan köhnə çamadana yığdım bütün arzularımı, ümidlərimi, qardaşım Zülfüqarın verdiyi 40 manatı cibimə qoyub, Ağdam-Bakı avtobusunda çıxıb getdim. Xoşbəxt idim. Yeni arzulara doğru uçurdum. Yeni şəhərlər görəcəkdim, yeni insanlarla tanış olacaqdım, yeni üfüqlər açılacaqdı gözlərimin önündə… Gündüzlər Şahbulağın zirvəsində görünən Koroğlu Qalası, gecələr işığa qərq olan Qarabağ dağları gözlərimin önündən getsə də, əbədi olaraq xəyalıma köçdü. Bu gün o əmin-amanlı günləri andıqca, gözlərim dolur, kövrək xatirələrimin qəlbimdə buraxdığı izlərin ardınca gedirəm. Belə günlərin birində «Mən gedəndə Çəmənlidən» şeri yarandı.


Mən gedəndə Çəmənlidən

O gün məni səsləmədi görüşə,
 Şeh gülüşlü, zər çiçəkli talalar.
 Kimi görən qonaq etdi gülüşə,
Yaqut gözlü, ağ libaslı sonalar?
O gün mənsiz naxır döndü kəndimə,
Qoyun-quzu əvvəlki tək mələşdi.
 Bir şıltaq qız odun atdı təndirə,
 Qığılcımlar qurşaq tutub güləşdi.
Xan çinarım qaşlarını çatdı ki,
Bəlkə ola, getmək fikri dəyişə.
 Bir dolça su bacım elə atdı ki,
Kəmənd ola ayağıma ilişə.
 Kimlərə ki, məhəbbətlə baxmışdım,
Gizli-gizli, həsrət ilə baxdılar.
 Bu yerlərdə şimşək kimi çaxmışdım,
 Gildir-gildir yaş axıtdı buludlar.
 Bağca saldım, bar verəndə getdim mən,
Gilələri dəcəl quşlar böldülər.
 Sərt küləklər çəmənlərin köksündən,
 İzlərimi yad izi tək sildilər.
 Ürəyinə dərin vurdum düyünü,
Gözlərində qəm çağladı bu kəndin.
 Bir övladı pərvazlandı o günü,
 Bir yuvası tor bağladı bu kəndin…

Şəkildə Ağdam rayonu, Çəmənli kənd orta məktəbinin 1971/72-ci il buraxılışı.


Qəribədir, deyilmi? Elə bil ürəyimə dammışdı ki, zaman izlərimi yad izi kimi siləcək bu düzlərdən…


…Qayıdaq söhbətimizə…


Seyid Yusif Ağa, onun verdiyi suallardan sıxıldığımı hiss edib mənə ürək-dirək verdi. O öz elmi, dünyagörüşü ilə məni heyran etdi. Seyid Lazım Ağa ocağına «Nə ömürdü, yaşadım» adlı kitabımı təqdim etdim. Ağa kitabdakı «Dəli Çəmənli haqqında ballada”nı oxuduqca gülümsəyirdi. Ballada Qarabağda el arasında məşhur olan bir deyimin nəzmə çəkilmiş variantı ıdı. Qarabağa hücum edən «yadelli» şahın qarşısına qoşun çıxarmaq istəyən Xan, öz çaparına hər kənddən bir Dəli çağırmağı tapşırır. Xan, Qarabağ mahalının hər kəndindən tanıdığı Dəliləri orduya çağırır. Çapar, xanın tapşırığını yerinə yetirmək üçün ata süvar olarkən, yadına düşür ki, axı Xan Çəmənlidən çağırmaq istədiyi Dəlinin adını demədi. Ay Xan, bəs Çəmənlidən hansı Dəlini çağırım, – deyə soruşanda Xan cavab verir ki, Çəmənlidən kim qarşına çıxsa, bura göndər.