Hərbi xidmətdə olarkən rus dilində sərbəst danışmağımı, siyasi dərslərdə aktiv iştirak edərək, yoxlamaların qarşısında Komandirin siyasi işlər üzrə müavininin (zampolitin) üzünü ağ etməyimi nəzərə alan polkovnik, bütün sənədlərimi hazırlayıb alayın partiya yığıncağına təqdim etdi. Yığıncaq gününə bir gün qalmış hərbi xəstəxanada əməliyyat olundum. Tanrı məni ikinci dəfə Kommunist Partiyasının sıralarına buraxmadı.
Son dövrlərdə saysız-hesabsız partiyalar yarandı. Bu partiyaların əksəriyyətinin məqsədi-qayəsi hakimiyyətə gəlmək, yağlı tikələrə sahib olmaq idi. Laçının işğalı günü Bakıda inqilab edənlər yadıma düşəndə ürpənirəm. Mən o günü qəlbən Bakı küçələrində tanklarının üstündə bayraq yellədənlərlə deyil, Azərbaycana səpələnən bədbəxt insanlarla idim. Səngərdə sonuncu gülləsinəcən düşmənə müqavimət göstərənlərlə idim. Canım qədər sevdiyim Vətənimin kürəyinə xəncər soxmaq istəyən hansı partiyanın üzvü olaydım, əziz dostum?
Həmişə haqqın tərəfində olmağa çalışmışam. Bacardığım qədər haqqı müdafiə eləmişəm. Həmişə öz sözümlə, öz səsimlə danışmağa çalışmışam. İçində xəbislik olan bir nəfər dostum olmayıb. Səmimiyyəti sevirəm, özüm də səmimi olmağa çalışıram. Bir dəfə tələbə dostlarımdan biri mənə «özündən çox razısan» dedi. Təsəvvür edirsinizmi, on iki-on üç yaşından ata-anadan yetim qalan, qışın soyuğunda geyinməyə gödəkcəsi belə olmayan, olan-qalan 5 qəpiyini çörəyə verib, 3—4 km yolu yataqxanayacan piyada gedən insana lovğa deyəsən. Dostum deyəsən nəyisə səhv salmışdı. Bu lovğalıq deyildi. Bu içimdə olan Allah sevgısının mənə verdiyi QÜRUR idi. Mən onu heç vaxt itirmədim.
2003-cü ildə qanadlarına alıb məni Kəbəyə yetirən Cənabi-Haqqın dərğahında anladım ki, Dünyada ən düzgün yol Tanrının buyurduğu yoldur!
Budur mənim məramım. Budur mənim Partiyam.
Şəm’i-şami-firqətəm, sübhi-vüsali neylərəm?
Bulmuşam yanmaqda bir hal, özgə hali neylərəm?
Qeyrə ərz et hər nə əsbabın ki, var, ey dəhri-dun!
Mən bir əhli-zövqəm, əsbabi, məlali neylərəm.
Yox əcəb, gər malə rəğıbət, mülkə qılman iltifat,
Mən gədayi-kuyi-eşqəm, mülkü mali neylərəm?
Əhli-haləm, demə büt vəsfin mənə, ey bütpərəst,
Hal bilməz dilbəri-sahibcəmali neylərəm?
Ehtimali-hicr təşvişinə dəgməz zövqi-vəsl,
Vəsl kim, var onda hicran ehtimali neylərəm?
Nəxli-qəddin istərəm, kandan bir bəladır hasilim,