Dəli Çəmənli - страница 33

Шрифт
Интервал


İndi mənimlə ünsiyyətdə olan gənclərə həmişə deyirəm:

Atalarınızı sevin, onların qədrini sağlığında bilin.

Sən yadıma düşürsən

Yenə qəlbimdə fərəh,

Sən yadıma düşürsən.

Saçımı oxşayır meh,

Sən yadıma düşürsən.

Çəmən, meşə göyərir,

Sən yadıma düşürsən.

Qış gedir, bahar gəlir,

Sən yadıma düşürsən.


Sarmaşıq gül sarılıb

Səhərlərin boynuna.

Yoxsa ulduzlar qopub,

Səpələnib eyvana.

Vaxt keçir, görünmürsən,

Qalıb qulağım səsdə.

Soyuyub buza dönür

Çayın masanın üstə,

Sən yadıma düşürsən.


Gecələrin nəğməsi

Mənə necə tanışdır.

Xan çinarın bu gecə

Təzə nağıl danışır.

Qızılgül qönçələnib

Budağında alışır.

Hardasa toy çalınır,

İki aşıq yarışır,

Sən yadıma düşürsən.


Başımı sığallayıb

Qonşu bir noğul verdi,

Qonşu hardan biləydi,

Nədi körpənin dərdi?

Qonşu qonşu olsaydı,

Göz yaşımı silərdi.

Qonşu bir noğul verdi,

Atam bir cib verərdi,

Sən yadıma düşürsən.


Ay işığı tükənib,

Sanki süzgəcdən axır.

Sanki ay da utanır,

Mənə kənardan baxır.

Oynamağa səbrim yox,

Bu gün gözlərim gülmür.

Gəlib könül almaqda

Ay da bir məna görmür,

Sən yadıma düşürsən.


Kim düzsün ümidləri

Yoluma düzüm-düzüm?

Sənsizliyə dözməyə

Qalmayıb məndə dözüm.

Bacıma nişan gəlir,

Ata oluram özüm,

Mən səni hardan tapım?

Mən səni harda gəzim?

Sən yadıma düşürsən,

Sən yadıma düşürsən…


1977-ci ildə sənə daha bir şer həsr elədim:

Ata həsrəti

Qonşular arabir söz salır səndən,

Mehriban qəlbini xatırlayırlar.

Cəndən söz düşəndə-bilmirəm nədən,

Elə bil qəlbimdə od qalayırlar.


Demə, oğlun səni salmayır yada,

Torpaq soyuqüzdür, mən soyuyuram.

Sanıram, nəyimsə çatmır dünyada,

Sənin yoxluğunu indi duyuram.


Sazının telindən qopan nəğmələr,

Coşqun xəyalınmış, arzularınmış.

O dağ çayı kimi coşan nəğmələr,

Çəkdiyin qayğınmış, intizarınmış.


Demə, bağcamızda açılan güllər,

Ömrünün gecikən bahаrı imiş.

Məni səxavətlə böyüdən illər,

Heç demə, günləri səndən kəsirmiş.


İndi anlayıram, niyə adamlar,

Hər məni görəndə gülümsəyirmiş.

Sənə inamlarmış, mənə inamlar,

Bütün ehtiramlar sənə görəymiş.


İnana bilmirəm bu yoxluğundan,

Belə soyuqlaya ilıq baxışlar.

Ömür yollarında dolaşdım yaman,

Bir dost köməyinə ehtiyacım var…


Demə, oğlun səni salmayır yada,

Torpaq soyuqüzdür, mən soyuyuram.

Sanıram, nəyimsə çatmır dünyada,

Sənin yoxluğunu indi duyuram.

Çəmənlimin Şahmar tacı…

(Unudulmaz müəllimim Şahmar Əkbərzadəyə həsr olunur.)


İçimdə bir sevgi yaşayır. Haçan dolub ürəyimə, bilmirəm. Həmişə mənimlə olub. Orta məktəbdə oxuyanda da, bütün ümidlərimi kiçicik yol çamadanına yıgıb təhsil almaq üçün o zaman mənə nağıl kimi gələn Bakı yoluna çıxanda da, tələbəçiliyin min əzab-əziyyətinə dözə-dözə, qohumların küncündə, püşkəyində daldalananda da. Qapıdan girib, Ay bala, sənin bu yataqxanan düzəlmədimi? – sualı ilə üzləşməmək üçün baş ağrısı bəhanəsilə ac-susuz yatağa uzananda da… həmişə mənimlə olub bu sevgı…Bilirdim ki, haralardasa yaxındadır, bilirdim ki, axtarıb tapsam, çox sevinəcək.