İşıqları o sönməyən tək evin
pəncərəsin bir göyərçin döyəcək,
dimdiyində gətirdiyi məktubun
hər sözündən sənin ətrin gələcək.
O ətirdən yuxu qalmaz gecədə.
O gecəni xatirələr alacaq.
O gecənin sükutunu pozacaq
adam gəlib düz önündə duracaq.
Gözlərinə dikiləcək iki göz.
Gözlərində o gözlərin öpüşü.
Lal divarlar yaddaşına köçürər,
pərdələrin izlədiyi görüşü.
Bu gecəyə lap ömrünü verərsən.
Yalvararsan qaranlığa ilk kərə.
Bir ismarış göndərərsən günəşə:
«Nə olar, sabah sən yuxula, yat» – deyə.
Məni payız seçdi fəsil içində,
günümü xəzanlar hey tumarlayır.
Sənin əllərini göylər saxlayır,
mənim dizlərimi yer qamarlayır.
Sənsizlik hər gecə üşüdür məni,
donur öpüşlərin izi üzümdə.
Baxışım gözündə ağlayır sənin,
bir ağac göyərir köhnə izimdə.
Bir sazaq içimdən titrədir məni,
bahar istəyimi qəfil don vurur.
Havası sorulmuş bu boş qəfəsdə
həsrətin özünə təzə ev qurur.
Bu sənsiz dünyada nəyim var mənim?
Çəkilib gedirəm bu yer üzündən.
Nələr çəkdiyimi göydəki bilir.
«Ah!» yerin yeddinci qatından gəlir.