Bir dəfə ikinci növbə işləmək üçün parkdan çıxıb başlanğıc yerimə- Predmostnaya deyilən meydana girdim. Burada qeyd olunur və xəttə buradan çıxırıq, ilk dayanacağımız və son dayanacağımız buradır. Təzəcə girmişdim meydana, İnqanı gördüm. Uzaq da olsa tanıdım, bizim dayanacaqda dayanmışdı. Avtobusu görmüşdü. O dəqiqə çıxdım meydandan. Boş-boşuna. Üz tutdum qaraja. İşdən yarımçıq qayıtmağımın səbəbini soruşa bilərdilər. Hər ehtimala qarşı, avtobusun mühərrikə gedən naqillərinə əl gəzdirdim, pis işləməyi üçün. Parka girdim, maşının pis işlədiyin deyib, təmirə ehtiyac olduğunu bildirdim. O gün işləmədim. Bir gün sonra İnqanın birinci növbə olduğnu bildiyim üçün mən də qrafiki dəyişdim ki, görüşmək imkanımız olmasın…
Rəfiqəsi mindi avtobusa. Son dayanacaqda hamı düşəndə yaxınlaşıb söhbət etmək istədiyini bildirdi:
– Azad, vaxtın var oturub danışmağa?
– Yox! – dedim, – bağışla. Nəsə vaxtı çatdıra bilmirəm.
Yenidən durdum dayanacağa, marşruta getmək üçün.
– İnqa xahiş edirdi, vaxt edib görüşərdin.
– Salam deyərsən ona. Hələlik vaxt edə bilməyəcəm. İşdən sonra tikinti işindəyəm. Yaxın dostlardan biri ev tikir, kömək edəcəm bir neçə gün, – ağlıma gələn yalanları quraşdırırdım!
Sonrakı təsadüfü görüşlərdə çalışdım söhbətimiz dərinə getməsin. Bacardığım qədər tənha görüşlərdən uzaq qaçdım. Beləcə vəziyyəti sabitləşdirdim. Nə qədər düzgün edirdim, mən düşünmürdüm. İstəyirdim ondan uzaq olum, müəyyən vaxt buna nail oldum. Yalnız müəyyən bir vaxt ərzində.
İnqanın mənim ürəyimdə nə qədər dərin yer tutduğunu görməmək, düşünməmək üçün etdiyim cəhdlərin gücü bir – iki aya güclə çatdı…
– Sağ ol, əziz qardaşım! Şükürlər yaradana ki, sənlə dostam! Miinnətdarlığımı sənə sözlə ifadəmə gücüm çatmır! – iri pəncələri əlimi sıxmışdı.
– Nə olub, Baysal? Mənim xidmətim nə olub?
– Sən, sənin işin, sənin bizi axşamlar dərsdən gətirən avtobusun məni yenidən yaratdı! Mənim yoluma İnqa adlı insanı gətirdi!..
Özümə çox söz versəm də, ürəyim sıxıldı. Bayıra çıxdım. “Unutmaq lazımdır!” dedim özüm özümə. Hər ikisi yalnız və yalnız dostdurlar mənə!
…Sevgi burulğanına düşənlərin neçəsi çatır muradına?
Ulu Tanrı, köməyini əsirgəmə sevənlərdən! Viran qoyma sevgi yaşayan ürəkləri!..
Deyirlər, məhəbbətin gözü kordur. Bəlkə də, bu məsəldə həqiqət olur. Yəqin, isbatı bu məsələyə hansı rakursdan baxmaqdan asılıdır. Düzmü hərəkət etdim, qürurum nə dərəcədə hakim oldu qəbul etdiyim qərarlarıma?