– Bəlkə də, ona görə. Sağlamlıq barədə nələr varsa, qadınlar orada birincidirlər. Kişilər xəstələnib yıxılmayınca yerə, həkimə getmirlər.
– Siz kişilərə kim qadağan edir ağılla-başla yaşamağı? Yeyib-içmək, səs-küy, dava-qırğın, kiməsə nəyisə sübut etmək, “mənəm!”-demək yormur kişiləri.
– Elə bu sadaladıqlarınızdır kişiləri qadınlardan fərqləndirən.
– Ola bilər. Qaldı, o biri sualaınıza, düzgün qeyd etdiniz. Riyaziyyatla müəyyən həddə münasibətim var. -Mənim saata baxdığımı görüb əlavə etdi, – yəqin, vaxtınızdır. Gəzmək vaxtınız. İstəmirəm sizin həyat tərzinizin pozulmağına səbəb olum. Addımlamaq lazımdır.
Ayağa durdum, deyəsən, bir elə də həvəsim yox idi durub getməyə. Azından, yarım saat gəzməliyəm.
– Siz də gəzmək istəyirsinizsə, bəlkə bir yerdə addımlayaq? – Ərklə dedim.
– Nə lazım mane olmaq gəzintinizə? – gülümsünərək, dedi.
– Asta gəzintiyə siz necə mane olarsınız, Roza! Əksinə, sizinlə birgə addımlamaq iki tərəfli olar: lazım olanı və xoşa gələni birləşdirər özündə: birincisi-addımlamaq, ikincisi – sizinlə birgə addımlamaq!
– Yox, gedin gəzinin, bu günə tanış olduğumuz kifayətdir. Söhbətimizə sabah da davam edə bilərik. Elə bu vaxtları burada.
– Onda, hələlik!
– Uğurlu gəzinti!
Mən gəzintilər üçün ayrılmış cığıra düşməyə hazırlaşdım. Roza isə dönüb əks tərəfə getdi. Göz altı baxdım arxasınca, parkın çıxışına çatmışdı. İstifadə etdiyi nərgizli ətri isə hələ qalmışdı burnumda.
2
-ci hissə
Səhərisi gün parka gələndə, öz-özlüyümdə hiss etdim ki, ilk dəfədir ki, bura gəzməyə belə həvəslə gəlirəm. Maşını parkın qabağına qoyub, girdim içəri. İstirahət edənlər, uşaqlarla vaxtı keçirənlər, görüşə çıxanlar – hansı təbəqə desən, burada tapmaq olardı.
Gəzdikcə, gözümü dolandırdım ətrafa, onu görmədim. Bəlkə də, gəlməyəcəkdi bu gün. «Nə olar, müqaviləmiz yoxdur ki! Sabah görərəm Rozanı!» Özüm özümü bir növ, arxayınlaşdırmaq istədim. Yeyin addımlarla böyük dairə ilə getməyimdə idim. Bu dairəni getmək, az qala iki km yol edirdi. Yarım saata qədər keçmişdi ki, tanış səs eşitdim:
– Niyə dayandınız? Dayanmayın, xahiş edirəm! – gülüşlü səs eşitdim.
Roza idi. Dayanmağımsa, şüuraltı olub. Yəqin, ətrafa boylanmaq istəmişəm. Razı halda yerişimə davam etdim. Nəhayət, telefonun taymeri vaxtın başa çatdığını bildirən zəngi çaldı. Dayanıb arxaya çevrildim. Dabanbasaraq gəlirdi. Salamlaşdıq.