– Xoşbəxtsənmi, Zərif?
Belə sual gözləməyən Zərifə özünü itirdi:
– Hə, xoşbəxtəm.
– Yanılmırsan ki? – Sualın qoyuluşu Zərifənin xoşuna gəlmədi:
– Sən mənim xoşbəxtliyimi istəmirsən? – deyə suala sualla cavab verdi.
– Əlbəttə istəyirəm. – Aydın bu sözləri könülsüz dedi. Səsinin ahəngindəki qeyri-səmimiliyi özü də, Zərifə də başa düşdü.
Tələbəlik illərində bircə dəfə də olsun kəlmə kəsməmiş iki köhnə tanış o gün xeyli söhbətləşdi. Sonra Aydın təzə həkimi şöbənin kollektivinə təqdim etdi. O gündən onların böyük dostluğunun təməli qoyuldu.
Aydın həssas, qayğıkeş və üzügiilər adam idi. Savadlı olduğu qədər də sadə idi, bu cəhəti ona xəstəxana kollektivi arasında böyük hörmət qazandırmışdı. Ailəsinə, uşaqlarına qarşı diqqətcil olduğunu Zərifə ilk gündən hiss etmişdi. Zərifəye münasibəti isə heç nə ilə müqayisə oluna bilməzdi. Onun ən kiçik arzusunu, ən böyük xahişini belə elə sevinclə yerə yetirirdi ki, elə bil həyatının mənası bunları yerinə yetirməkdən ibarət idi. Onun üçün bayramlar ona görə əhəmiyyətli idi ki, həmin bayramlarda o, Zərifəni təbrik edəcəkdi, işə hamıdan tez gəlib aldığı çiçək dəstəsini xəlvətcə Zərifənin stolunun üstünə qoyacaqdı. Aydının təsəvvüründə dünyada Zərifədən gözəl, ondan ağıllı, ondan sevimli ikinci qadın yox idi. Zərifə ilə bağlı hər xırda şeyin, hər əhəmiyyətsiz hadisənin Aydın üçün böyük əhəmiyyəti var idi.
Birgə yaşadıqları illər ərzində Rəşiddən heç vaxt diqqət və qayğı görməyən Zərifə bəzən özünün dilə gətirməyə belə qorxduğu fikirlərini Aydının necə asanlıqla dilə gətirdiyini görəndə heyrətə gəlirdi. Onun qeyri-adi həssaslığı qarşısında mat qalırdı. Çətin anlarda, gözlənilməz məqamlarda Aydın elə təsəlli verə bilirdi!
Onlar özləri də bilmədən bir-birinə öyrəşmişdilər. Bu, elə-belə, ötəri bağlılıq deyildi. Hər ikisini birləşdirən bağlar möhkəm və davamlı idi. Aydın Zərifəni qul sədaqəti ilə, qəribə bir inadla, hətta çılğınlıqla sevirdi. Zərifə üçün isə o, ürək dostuna, qəlb sirdaşına çevrilmişdi.
Birdən ötən gecədəki kimi sonsuz kədər yenidən Zərifəni bürüdü. Həmin bədbin əhval-ruhiyyə yenidən varlığına sarıldı. Elə bil havası çatışmadı, nəfəsi daraldı, oturduğu yerdən qalxıb narahatlıqla otaqda gəzişməyə başladı. Yenidən masanın arxasına keçib başını əlləri arasına aldı. Onun bu halı Ay-dının nəzərindən yayınmadı.