Bir dəfə işdən sonra Aydın ona yaxınlaşdı:
– Sənə bir söz deyəcəyəm. Ancaq söz ver ki, onu ürəyinə salmayacaqsan.
Aydının tonu Zərifənin xoşuna gəlmədi. Onun nə isə xoşagəlməz bir şey deyəcəyini başa düşüb səbrlə gözləməyə başladı.
– Bax ha, özündən çıxmamalısan. Bu, həyatdır. İnsan hər şeyə hazır olmalıdır.
Onun təmkini Zərifəni hövsələdən çıxardı:
– Ürəyimi üzmə, de görüm nə demək istəyirsən?
– Mən deməyə də bilərdim. Amma özgələrdən eşitməkdənsə, məndən eşitməyin yaxşıdır.
Zərifə daha özünü saxlaya bilmədi:
– Mus-mus deyincə, Mustafa de, daha səbrim daraldı.
– Yaxşı, diqqətlə qulaq as. Rəşidin sevdiyi başqa bir qadın var.
– Nə? – Zərifə qəfil zərbə almış adamlar kimi müvazinətini itirdi. Yıxılmamaq üçün tez stula çökdü. – Nə dedin? Rəşidin sevdiyi qadın var? – O, var gücü ilə bağırdı. Aydın onun dəhşətdən dəyişmiş sifətini görüb dediyinə peşman oldu. Lakin artıq söz deyilmişdi.
– Sən yalan danışırsan! Bizim xoşbəxtliyimizə həsəd apardığına görə bunu uydurmusan. İstəyirsən bu yolla Rəşidi mənim gözümdən salasan.
Aydın bu ittihamlara davam gətirə bilməyib dedi:
Mənin haqqımda nə düşünürsən, öz fikrindir. Amma mən sənə ancaq həqiqəti dedim. Həqiqət isə acı olur. Qadının adı Asyadır, bir yerdə işləyirlər.
Niyə bizim aramızı vurmaq istəyirsən? – Zərifənin gözləri yaşla dolu idi. Bunu görəndə Aydın daha heç nə deməyib otağı tərk etdi.
Həmin hadisədən sonra Zərifə bir həftə işə çıxmadı. Bir həftə sonra xəstəxananın pilləkənlərində onunla üz-üzə gələn Aydın Zərifənin soluxmuş bənizini, qəmli gözlərini görəndə:
– Məni bağışla, Zərif, – dedi. – Gərək sənə deməyəydim. Özüm də bilmədən qəlbinə yara vurdum.
Zərifə təmkinini pozmadı:
– Aydın, sən pislik etməmisən. Yalan içində yaşamağımı müşahidə etmək pislik olardı. Səndən bir xahişim var, Asyanın evininin yerini mənə nişan ver. Qoy öz gözlərimlə görüm.
Bu, xahişdən çox, əmrə bənzəyirdi. Aydının razılaşmaqdan başqa çarəsi qalmadı. Ünvanı Zərifəyə verdi, evin harada yerləşdiyini təfərrüatı ilə ona izah etdi. Üzü pörtmüş, gözlərinə qan çilənmiş Zərifəyə yazığı gəldi. Onu heç belə çarəsiz, ümidsiz görməmişdi. Zərifəni bu hala o salmışdı. Bu əzablı hiss onu incitsə də oyunu axıra çatdırmaq qəranna gəldi:
– Bu gün Asyanın doğum günüdür. Çox güman ki, bir yerdə olacaqlar:
Zərifə uşaqları bağçadan götürməyi qonşusu Sahibə xaladan xahiş edib axşam saat 6-da Aydının nişan verdiyi həmin ünvanı axtarıb tapdı. Evin üzbəiizündəki xiyabanda salxım söyüdün kölgəsindəki skamyada oturub gözləməyə başladı. Xoşbəxtlikdən çox gözləməli olmadı. Yarım saat sonra Rəşidin gül dəstəsi ilə taksidən düşüb həmin bloka girdiyini görəndə Zərifə ildırım vurmuş kimi bir xeyli yerindən tərpənə bilmədi. Nə etməli olduğunu dərk edəcək halda deyildi.