* * *
– Sən bu gün həmişəkindən də gözəlsən, Zərif. Sənə nə olub?
Həkimlər şöbə müdirlərinin gündəlik tapşırıqlarını alıb kabinetlərinə dağılışandan sonra Aydın bu sözləri deməkdən ötrü Zərifəni yanına çağırtdırmışdı.
– Yaz gəlib. Aydın. – Zərifə mənalı tərzdə gülümsədi. Sonra isə əlavə etdi. – Adam heç işə gəlmək istəmir. Elə dincələrdim…
– Sən dincələndə yanında olmağı necə də arzulayardım… – Aydın bu sözləri onun xətrinə dəyməkdən qorxa-qorxa dedi. Amma Zərifə hirslənmək əvəzinə güldü:
– Pis fikir deyil. Bəlkə doğrudan da bir yerdə dincələk?
Aydın qulaqlarına inanmadı. Heyrət dolu gözlərlə ona baxdı. Zərifənin yanaqlan allandı. Birdən-birə dilindən çıxan sözlər onu öz gözündən saldı, başqalaşdırdı. Amma Aydının gözlərində qəribə bir işıltının doğulduğunu görüb “oyunu” davam etdirmək qərarına gəldi.
– Bir gün səninlə olsam neynərsən? – Zərifə rola girmişdi.
Aydının söz danışmağa, cavab verməyə iqtidan çatmadı. O, köynəyinin yaxasını açıb dərindən nəfəs aldı. Alnında əmələ gəlmiş tər damcılarını yaylığı ilə silib Zərifəyə uzun, qəribə bir nəzər saldı. Zərifə bu baxışların mənasını anlamadı. Onlarda inciklik, yazıqlıq, nifrət bir-birinə qarışmışdı: “Mənim yüngülbeyinliyimə lağ etdi”. Zərifə bu fikirdən vicdan əzabı çəkdi. Amma rolunu sona kimi oynamaq qərarına gəldi. Pəsdən oxuya-oxuya otaqdan çıxdı:
Gözlərin aldı məni,
Kəməndə saldı məni.
Getmə, getmə, gəl gözəl yar,
Getmə, getmə, gəl.
Qurbanam xan gözünə,
Nazla baxan gözünə,
Yenə sürmə çəkmisən
Evlər yıxan gözünə.
Bilirdi ki, Aydının bu xalq mahnısından xoşu gəlir.
Zərifə xəstələrini yenicə qəbul edib qurtarmışdı ki, baş tibb bacısı Məleykənin qaça-qaça Aydının kabinetinə tərəf getdiyini görüb narahat oldu:
– Nə olub? – deyə Məleykədən soruşdu.
– Doktor Ömərovun ürəyi tutub.
Zərifə həyəcanla özünü içəri atanda bir neçə həkimi burada gördü. Aydını taxta uzandırmışdılar. Onun rəngi avazımışdı, bayaqkı şən əhval-ruhiyyəli adamdan əsər-əlamət qalmamışdı. Məleykə onun qoluna iynə vurdu, sonra dərman içirtdi.
Bir azdan Aydının halı yaxşılaşanda hamı bir-bir otaqdan çıxdı. Zərifə isə içəridə ayaq saxladı.
– Sənə birdən-birə nə oldu? – deyə günahkar tərzdə soruşdu. Sanki onun bu halına Zərifə bais olmuşdu.
– Mənimlə bir də o cür zarafat eləmə. – Aydının bu bir cümləsində hər şey var idi. Bu bir cümlə Zərifəyə qarşısındakı adamın bütün varlığını, ürəyinin bütün duyğularını açıb göstərdi. Bu sözlərdə yalan və qəlp ola bilməzdi. Aydının onu sevdiyinə bundan böyük sübut nə ola bilərdi? Onu bu vaxta kimi heç kəs, heç vaxt belə güclü məhəbbətlə sevməmişdi. Lakin bu fikir onu sevindirmədi, əksinə, ürəyinə həzin bir kədər yayıldı. “Qəribədir, mən Rəşidi sevirəm, Rəşidsə Asyaya vurulub. Aydın məni sevir, mənsə ona qarşı etinasızam. Niyə belə olsun axı? Dünyanın qəribə işləri var, sən sevdiyin səni sevmir, səni sevəni sən sevmirsən. Görəsən həyat niyə belədir? Rəşid məni Aydın qədər sevsəydi, həyatım bu qədər əzablı, bu qədər iztirablı keçməzdi. Bəs niyə başqasını sevən biri ilə ömür sürməlisən? Bilə-bilə ki, o, səni sevmir, addımbaşı sənə xəyanət edir, buna dözməlisən? Qadınsan deyə hər şeyə göz yumub ismətini, namusunu qorumalısan? Bəs Asya? Onun isməti yoxdur? Eh, keçdin yenə Asyanı tənqidə. Bəs o insan deyil? O sevə bilməz? Neynəsin ki, qismətinə evli kişi çıxıb. Eh, ay Aydın, sən heç olmasa arxayınsan ki, arvadın aydan arı, sudan durudur. Nə olsun ki, onu sevmirsən. Axı həyat təkcə mə-həbbətdən ibarət deyil. Həyat etibar, vəfa, sədaqətdir. Bunlar olmayandan sonra yaşamağın nə mənası?”