Ağ qəm - страница 48

Шрифт
Интервал


Rəşid, nəhayət, yorulub stulda oturdu. Arvadının üzünə baxmadan dedi:

– Paltarlarımı yığ, həmişəlik gedirəm. Sənin kimi əxlaqsız qadınla bir damın altında qala bilmərəm.

Zərifə mütiliklə ərinin paltarlarını yığmağa başladı. Heç nə soruşmadı, heç şey demədi. Nəhayət, işi sona çatdıranda Rəşid iri yol çantasını götürüb boğuq səslə:

– Sənədlərini hazırla, məhkəmə yolu ilə ayrılacağıq, – dedi. Sağollaşmadan qapını çırpıb getdi.

Zərifə onun arxasınca qapını qıfıllayıb otağa qayıtdı. Nə ağlamağa, nə də düşünməyə taqəti qalmamışdı. Elə paltarlı halda divanda uzandı. Onun üçün zaman, vaxt məfhumu öz mənasını itirmişdi.

Səhər yuxudan oyananda güzgüdə özünü görüb qorxdu. Üzü, bədəni başdan-başa göy ləkələrlə örtülmüşdü. Bunlar Rəşidin yumruqlarının izləri idi. Bu görünən yaralar onu ağrıtmırdı. Qəlbində daha böyük, daha dərin yaralar göynəyirdi. Bu görünməyən yaralar onu öldürürdü. Başını dəhşətli bir ağrı bürümüşdü. İlıq duşun altında bir xeyli dayandı. Qurulanıb üz-qözünü səliqəyə salmaq istədi. Lakin nə qədər çalışdısa da göyləri heç cür gizlədə bilmədi. Bu halda işə gedə bilməzdi. Yenidən divana uzandı. Gözlərini yumub dünənki hadisələri beynində saf-çürük etməyə başladı. Qəribə bu idi ki, Rəşidin gedişi onu zərrə qədər də ağrıtmamışdı.

Əslində o, Zərifənin həyatından çoxdan getmişdi. Asya onu çoxdan Zərifənin əlindən almışdı. Dünən ona əl qaldırmaqla, onu “əxlaqsız” adlandırmaqla isə o, Zərifə üçün həmişəlik ölmüşdü. Rəşid on beş ildə onun vəfasını, sədaqətini, fədakarlığını, məhəbbətini qiymətləndirməmişdi. Ani səhvindən isə tez xəbər tutmuşdu. Lakin Zərifəni ən çox heyrətləndirən Rəşidin qəribə soyuqqanlığı idi. O, Zərifədən heç nə soruşmadan, həqiqəti öyrənmədən. Aydının dediklərinin doğru olub-olmadığını yoxlamadan arvadını dəhşətli şəkildə cəzalandırmışdı. Onunla küçə qadını ilə edilən kimi rəftar etmişdi. İllərdən bəri ailəsinə xəyanət edən, bundan heç bir mənəvi əzab çəkməyən, ən yaxın adamını ağır iztirablara məniz qoyan bir adam onu xəyanətdə suçlamışdı.

Zərifə ürəyində bu vaxta qədər hiss etmədiyi qəribə bir yüngüllük duyurdu. O, buxovdan azad olmuşdu. Dünənki hadisəyə o, ürəyində minnətdar idi. Yoxsa rəsmən aynlmaq onlar üçün çətin olacaqdı. Dünənki hadisə isə hər şeyi həll etmişdi. Bir şey onun üçün aydın olmuşdu: o. Rəşidin yolunda böyük bir maneə idi. Bu maneəni yox etməyə Rəşid çoxdan fürsət axtarırdı. Sakit, mehriban, dərdkeş Zərifə buna imkan vermirdi. Kim bilir, bəlkə dünənki hadisə olmasaydı, onlar ömürlərini beləcə başa vuracaqdılar. Rəşid fikri-zikri Asyanın yanında olduğu halda, öz evində qonaq kimi dolanacaq. Zərifə isə qadın üçün ən böyük dərd olan sevilməmək cəzasını çəkə-çəkə günləri aylara, ayları illərə calaya-calaya yaşayacaqdı. Bir evdə iki yad fərəhsiz ömürlərini sürməyə məhkum ediləcəkdi.