Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 13

Шрифт
Интервал


Qori Müəllimlər Seminariyasında təhsil alan Azərbaycanlı uşaqların çoxluq təşkil etməsi, həmçinin Firidun bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Səfərəli bəy Vəlibəyov kimi qayğıkeş pedaqoqların seminariyada dərs deməsi gənc Əbdül-Müslümdə Azərbaycan xalq mahnılarına olan həvəsi daha da artırır. Çox keçmir ki, o, bu mahnıları xüsusi bir zövqlə ifa etməyə başlayır.

Hələ Qroznı şəhər məktəbində oxuyarkən konsertlərdə iştirak etməsi, sanki onu püxtələşdirmişdi, normal bir musiqiçi səviyyəsinə qaldırmışdı. Bunun məntiqi nəticəsi olaraq o, Qori Müəllimlər Seminariyasında heç bir çətinlik çəkmədən tezliklə yeni kollektivə uyğunlaşır, hamının sevimlisinə çevrilir və diqqəti özünə çəkməyi bacarır.

Konsertlərə mütəmadi dəvət alan gənc oğlan skripka və qarmonla bərabər, həm də klarnet alətinidə də ifa etməyi öyrənir. Bütün maneələri rahatlıqla, çətinlik çəkmədən dəf edən istedadlı Əbdül- Müslüm Qori Müəllimlər Seminariyasında təhsil aldığı illərdə musiqiyə, həmçinin onun tarixinə, musiqi nəzəriyyəsinə, ifaçılıq peşəsinə, birsözlə, musiqinin bütün sirlərinə dərindən və mükəmməl yiyələnə bilir. Azərbaycan musiqisinin patriarxı hesab olunan Üzeyir Hacıbəyli ilə birlikdə təhsil alır. Gənclərin bir-biri ilə isti və xoş münasibətdə olması, sonralar onların arasında dostluğa, hətta, qohumluğa çevrilir.

Hər iki bəstəkar terequlova bacıları ilə ailə həyatı qururlar. Üzeyir Hacıbəyli Məleykə xanıma, Əbdül- Müslüm Maqomayev isə Baydagül xanıma evlənirlər. Maraqlı faktlardan biri də ondan ibarətdi ki, Əbdül-Müslüm və Üzeyir eyni gündə və eyni ildə anadan olmuşdular. Onlar Qori Müəllimlər Seminariyasında birgə təhsil almış və hər ikisi Azərbaycan musiqisinin təməlini qoyanlardan olmuşdular.

“Qori seminariyasında babam qaboyda ifa etməyi öyrənir. O, həm skripkaçı, həm də qaboyçu kimi seminariyanın tələbələrindən təşkil olunan orkestrdə çıxış edirdi. Əbdül-Müslüm on səkkiz yaşında orkestrin aparıcı musiqiçisi olmaqla bərabər, həm də lazım olanda orkestrdə dirijoru əvəz edirdi. O, həmçinin Qori Müəllimlər Seminariyasında musiqi nəzəriyyəsi elminə dərindən yiyələnə bilmişdi. Seminariyanı müvəffəqiyyətlə başa vuran babama skripka hədiyyə etmişdilər”. -deyən, – Müslüm babası ilə fəxr etməyi çox xoşlayırdı.

Seminariyanı əla qiymətlərlə bitirən Əbdül-Müslüm əvvəlcə Qafqazın bir neçə kəndində qısamüddətli pedaqoji fəaliyyət gostərir. Sonda ona Azərbaycanın Lənkəran şəhərinə göndəriş verirlər. O, ilk müstəqil musiqi peşəsinə, məhz Lənkaranda, musiqi gecələri və teatr təqdimatları hazırlamaqla başlayır. Maqomayev uzun müddət pedaqoq- musiqiçi kimi Lənkəranda işləyir. Onun bu şəhərdə həm musiqi, həm ictimai, həm mədəni-maarif məsələləri ilə olması yerli camaat tərəfindən rəğbətlə qarşılanır, ona olan hörmət günbə-gün artır.