Gecikmiş məktub - страница 4

Шрифт
Интервал


Mənim də sənəd verdiyimi eşidəndə çox sevindi.

–Nə yaxşı, Azad! Çox şadam eşitdiklərimə!

O gündən həyatım dəyişdi. Hər gün axşam üstü oturardıq bir yerdə, oxumaqdan, gələcəkdən, kitablardan danışardıq. 2-3 saat keçirdi bir dəqiqə kimi. İlahi, niyə saat tez keçir! Həyatımın ən gözəl, ən qaynar dəqiqələri! Arada bir sahilə çıxır, saatlarla durub mavi dalğaların haray səsinə qatardıq səsimizi. Xoşbəxt idim! Bütün varlığım Solmazın gözəlliyinin əsiri olmuşdu. Xəlvət bir guşədə onunla üz-üzə oturub nəyisə müzakirə etmək, pıçıldaşmaq həyatımın əvəzolunmaz anları idi.


--3—

Mən ikinci imtahandan kəsildim. Bir az dilxor olsam da, Solmazın varlığı bütün dərdimi unutdururdu mənə. Baharda açılan qönçə , qayğısız, kədərsiz növrəstə bir xoşbəxt xilqət idi Solmaz və onun varlığı ürəyimdə kədərə yer qoymurdu. Hərdən, Colmaz mənim kədərlənməyimi görəndə uşaq sadəliyi ilə zarafat etməyə çalışardı:

–Hələ bizim nə yaşımız var? Dünya Azad adlı alimini görəcək!”– deyərdi.

Solmaz qəbul oldu texnikuma. Olduqca sevinirdi. Mən qəbul ola bilmədiyimdən dilxorçuluq olsa da, Solmazın qəbul olmağı məni çox sevindirdi. Dәrs olmayan günlәrdә çox vaxt Solmazla bir yerdə olardıq. Şəhərə yaxşı bələd olmasaq da, dərs olmayan vaxtları gedərdik şəhərə. Solmaz heç vaxt heç yerə gedə bilmədiyi üçün ona hər şey maraqlı idi.

Bakı gözəl şəhərdi. Gəzməli, baxmalı yerlər çoxdur. Bir gün getdik Qız Qalasına baxmağa. Colmaz çox sevinirdi. Çıxdıq yuxarısına.

Qız Qalası qala olsa da, müdafiə üçün tikilməyib. Tikinti forması müdafiənin tələblərinə cavab vermir. Gözəl bir rəvayət var bu qala barədə. Köhnə əyyamlarda bir şah olur, şahınsa bir gözəl qızı. Bu gözəl kasıb bir igidi sevirmiş. Bir gün bu gözələ bir varlı elçi göndərir. Şah qızını o varlıya vermək istəyəndə, gözəl bilmir necə atasını yayındırsın bu işdən. Ona görə də vaxtı uzatmaq üçün qız atasından xahiş edir ki, mənə dənizdə bir qala tik, et mənə hədiyyə. Sonra ver ərə kimə istəsən! Gözəl ümid edir ki, qala tikilənə xeyli vaxt keçər, atası fikrini dəyişər və sevmədiyinə getməz. O vaxtları Xəzərin səviyyəsi hündür olub. İndiki qalanın yeri dəniz olub.

Şah qalanı tikir, qurtarır. Fikrini isə dəyişmir. Şahzadə çox yalvarır atasına. İstəyir ki, verməsin onu ərə. Şah razı olmur. Şah qızı çıxır qalanın lap yuxarısına, atır özünü dənizə.