–Bəs, babam? – İsgəndər müdaxilə etdi.
–Sizə “babam, babam” demələrinə baxmayın…
–Deməli, sən orda “ağeyi Umud” oldun… – Mayor gülümsündü.
–Hə, elə deyirdilər… – Umud da qımışdı.
–Özgə deyillər ki… onlar da bizdəndi… bizimdi… yarımız Arazın bu tayında… yarımız da o tayında…
–Hərdənbir söhbət düşəndə onlar da belə deyirdi. – Umud nə fikirləşdisə əlavə etdi. – Yox, onlar ayrı cür deyirdilər. Deyirdilər ki, buralar o tayın olub… bir vaxtlar… Sonra Şahənşah Rusiya ilə cəngi aparıb ki, buraları qorusun, qoruyammıyıb. Urus güclü olub, cəngi qazanıb, buraları o taydan qoparıb. Yoxsa, indi buralar da İranın tərkibindəydi. Onda ermənini həddi nəyidi cəngi açsın, buralara hücum eləsin…
Mayor Orduxanov güzgüdə İsgəndərə göz vurdu…
–Umud, farslar belə danışırdı, yoxsa o taylı azərilər? – İsgəndər soruşdu.
–Heç bilirsən ki, farslar hansıdı, azərilər, ermənilər hansı? – Umud qanrılıb arxaya baxa-baxa cavab verdi.
–Orda ermənilər də işləyir? – İsgəndər sual yağdırmaqda davam edirdi.
–Orda çoxunun familiyasının sonluğu yandır; ermənisinin də, farsın da, azərinin də… Bir də Təbrizin ən yaxşı həkimləri elə ermənilərdi. Onlar hər il xaricə gedib təhsillərini artırırlar. Azərilər də “bəsimdi, buna da şükür” deyib Allaha dua edir, yerlərində sayırlar. “Babam, bundan sonra gedib professor olmuyacam ki?”
–Hə… – Mayor söhbəti dəyişmək istədi, amma Umud imkan vermədi.
–Hə, bir də, çox xəsisdilər. – Umud qabağa çevrilib yola baxa-baxa söhbətinə davam etdi. – Əsl Hacı Qaradılar. Xəsis Culfa onların yanında toya getməlidi. İynəni də adama elə vururlar ki, elə bil qırx ildi onlardan borc alıb qaytarmamışıq. Cənab mayor, bizim hökumət onlara pul ödəmir ki, bizi müalicə etsinlər?
–İndi onun yeri deyil, Umud. Ola bilər ki, bizim hökumət hələlik pul ödəməyib. Müharibə aparan ölkə pul ödəməz, qonşulardan borc alar. Qayda belədir. Ancaq qoy, bu müharibə qurtarsın, bircə Qarabağ məsələsi həll olunsun.., bizim hökumətimiz… heç kimə borclu qalmayacaq… Hamının borcunu artıqlaması ilə, hələ desən faizi-sələmi ilə ödəyəcək. Biz güclü dövlət olacağıq; həm iqtisadi, həm də hərbi cəhətdən. Həm də…
Mayor Orduxanov nə fikirləşdisə, gerisini demədi. Onun nə deyəcəyini gözləyirmiş kimi nə İsgəndər, nə də Umud bir söz də olsun əlavə etmədi. Gözlədilər, gözlədilər, Orduxanovdan da səs çıxmadı.