Ertəsi gün işə gələndə bazanın girişində rayon üzrə cinayət-axtarış bölməsinin əməliyyatçılarından biri ilə qarşılaşdım. Azacıq da olsa, köhnədən tanış idik. Bir dəfə əməliyyatda birgə iştirak etmişdik. Kimsə bazaya mal gətirəcək TIR-la Moskvaya böyük partiya narkotik maddə keçirtmək istəyirdi. Əməliyyatımız uğurlu alınmışdı deyə yüngülvarı şadyanalıq eləmişdik, səmimi münasibətimiz yaranmışdı.
Salam verib keçmək istəyirdim ki, məni saxladı.
–Sluşay, tı çto li eqo zemlyak? – Gülə-gülə soruşdu.
–Kimin? – Kimi nəzərdə tutduğunu təxmini bilsəm də özümü xəbərsiz göstərdim, dəqiqləşdirmək istədim. Bir də biz ticarətçilər arasında deyərlər ki, paqonun ipinin üslünə odun yığmaq olmaz, çünki ip onunku deyil, istənilən an alıb başqasına verə bilərlər.
–Yalançı polkovnikin, ağbaşın. – Atmacalı danışdı. – Dünən danaboyun eliyib soxmuşuq qoduqluğa.
–Xahiş edirəm, ədəbli danışın. Arada xətir-hörmət var, tapdalayıb keçməyin. Bir də mənim həmyerlim deyildiyi kimi hərəkətləri heç vaxt eləməz.
–Yaxşı, yaxşı, qızışma. – Əməliyyatçı qoluma girib maşına tərəf apardı. – Siz azərbaycanlılar da bir söz deməmiş qızışırsınız. Bilirik ki, istiqanlısınız, yerli təəssübkeşi çəkənsiniz…
–Həm də dostcanlıyıq. – Mən əlavə etdim ki, başa düşsün nəyə eyham vururam.
–Elə mən də buna görə sizin xətrinizi çox istəyirəm. İstəməsəydim, durub bura gəlməzdim. Çağırış göndərib şöbəyə çağırtdırardım.
Baxdım ki, məsələ deyildiyi kimidir, ciddidir.
–Nə lazımdır?
–O, səni görmək istəyir.
–Kim?
–Kim olacaq? Ağbaş. – Əməliyyatçı bir az acıqlı cavab verdi.
–Niyə ancaq məni?
–Mən nə bilim niyə? Görüşəndə özündən soruşarsan. Məndən belə xahiş etdi.
–Necə? – Yenə dətTəəccübümü büruzə verdim, amma bu dəfə gülümsəyərək. – Biz axı təzə taııış olmuşuq. Cəmisi ikicə dəfə görüşmüşük. Qarşı-qarşıya oturub bir stəkan çay da içməmişik, hələ çörək kəsməyi demirəm. Onun məndən başqa Moskvada dost-tanışı, başqa həmyerlisi yoxdurmu?
–Bilmirəm. – Əməliyyatçı başını buladı. – Özü məndən xahiş etdi ki, heç kim bilməsin.
İndi mənə hər şey aydın oldu. Deməli, o, iş gördüyü heç bir dostunu, tanışını ələ vermək istəmir…
–Qoy, onda uşaqlara xəbər edim. – dedim. – Bir saata gedib-qayıda bilərikmi? Borclu qalmaram.
–Əlbəttə. – Əməliyyatçı gülümsündü, gözləri işıldadı.
Tələsik iş yoldaşlarımdan qabağıma çıxanları xəbərdar edib geri qayıtdım. Əməliyyatçının maşınına əyləşəndə o, artıq sükanın arxasında məni gözləyirdi.