Səsə yuxudan ayıldım, qapının zəngi dayanmadan çalınırdı. Şənbə günü idi, yatıb dincələcəkdim. Hər gün səhər obaşdan yuxudan alayarımçıq qalxıb şəhərin o başına işə getmək, axşam da işdən sonra yenidən o boyda yolu avtobuslarda sallaşa-sallaşa, metronun sıxlığında, basabasda gedib-gəlmək məni əldən salmışdı. Bircə ümidim istirahət günlərinəydi ki, yatıb dincələ bilirdim, o da evin əsaslı təmizliyindən başqa bir hoqqa çıxmasaydı… Ancaq, nədənsə, ötən bir il ərzində hələ dalbadal iki gün dincəldiyim olmamışdı, hər dəfə nəsə bir iş çıxmışdı.
Cəld yatağımdan qalxdım. Səhərin bu alatoranında məni narahat edən kim ola bilərdi? İlk ağlıma gələn su sızması oldu. Cəld hamama və ədəbxanaya baxdım, hər şey qaydasındaydı. Ordan özümü atdım mətbəxə, birdən, Allah eləməmiş, nəsə yanar, ya qaz sızması ola bilər. Şükür, burada da salamatçılıqdı, hər şey öz qaydasındaydı.
Qapının zəngi isə lap iliyimə işləyirdi. Elə gecə paltarında dəhlizə yüyürdüm.
– Gəldim e.., gəldim. – Səsləndim ki, bəlkə zəng düyməsini basan eşidə, əl saxlaya, amma o da hər kimidisə, inadından dönmürdü.
Məcbur olub gecə paltarında qapını açdım.
Arıq, hündürboy kişi ilə üzbəüz qaldım, tanıyırdım, adı da Muxtar idi, qonşu blokda yaşayırdı, hərdənbir binanın həyətində rastlaşırdıq. Salaməleykimiz olmasa da bir-birimizi tanıyırdıq, bilirdik ki, bir binada yaşayırıq. Nə özündən, nə də adından xoşum gəlirdi. "Ay sənə ad qoyanın… demişdim… Əsl muxtar olmalı adamlar qalmışdı qıraqda, bu adam muxtarlıq edirdi…".
Muxtar kişinin qoltuğunda qovluq varıydı, bildim ki, elə-belə gəlməyib, nəsə işi var.
– Ə kişi, noolub? – Salamsız-kəlamsız yeridim üstünə. – Qoymazsan yatıb dincələm. Bilmirsən ki, mən iş adamıyam, ancaq şənbə-bazar günü dincələ bilirəm.
– Elə mən də ona görə tezdən gəlmişəm. Nə vaxt gəlirəm, evdə yoxsan. Qonşulardan soruşuram, deyirlər, işə getmisən.
– Hə, nə məsələdi? Nəyə gəlmisən?
– Əvvalə, salam. – Heç təmkinini pozmadan davam elədi. – Mən bu boz binada yaşayan sakinlərin etimadı ilə imza toplayıram.
Muxtar kişini həm də demaqoq kimi tanıyırdıq. Bir problem-zad olanda ora-bura zəng vurur, lazım gələndə ərizə yazıb göndərir, işi yoluna qoydurardı.
– Nə imza? – Təəccüblə soruşdum. – İndi də məndən demaqoqluq etmək fikrindəsən? Zibili aparıb atmamışam? Suyu açıq qoymuşam, axıb qonşuların mənzilini batırıb? Lifti zibilləmişəm? Kommunal ödənişi vaxtında ödəməmişəm?