– Mənzilin nömrəsi yazılan cərgədə vəsiqənin nömrəsini qeyd elə və imzala. – Muxtar kişi buyurdu.
Ərizənin arxasında və əlavə olunmuş vərəqdə çoxlu imza vardı. Əlimin içi kimi bilirdim ki, boş şeydi, nə yolun yerini dəyişəcəklər, nə də zibilqablarını yüz metrlik məsafəyə aparacaqlar. Bununla belə, qocanın xətrinə dəymək istəmədim, əziyyət çəkib ərizə yazmışdı, qapı-qapı düşüb mənim kimi inadkarlarla mübahisə edə-edə imzalatmışdı. Təqaüdçü adamdı, özü də tək yaşayırdı, bir işlə məşğul olmalıydı, ya yox…
İndi ona elə gəlirdi ki, bizim qayğımıza qalır…
Qonşulardan seçilmək istəmədim. Qoca dediyi kimi şəxsiyyət vəsiqəmin nömrəsini qeyd etdim və imzaladım. Muxtar kişi ərizəni qovluğuna qoydu.
– Bundan sonra görəcəksən, bütün işlərin xod gedəcək. Tək yaşayan qadının evində kişinin peyda olması uğur əlamətidir.
Qoca qovluğu da götürüb sevinə-sevinə getdi. Onun uşaq kimi sevindiyinə lap gülməyim tutdu. Bir də nə dediyini anlaya bilmədim. Bu nə deyir? Kişinin peyda olması… nə demək? Uğur əlaməti nədir? Mənim axı heç bir planım yoxdur. Heç bu barədə düşünmürəm də… Belə yaşayışımdan, belə halımdan razıyam.
İki gün sonra axşam işdən gələndə gözlərimə inanmadım. Binanın arxa tərəfində yolun düz qırağında zibil qutularını kənar müdaxilələrdən qorumaq üçün üstüörtülü xüsusi yerin tikintisinə başlamışdılar. Hələlik isə zibilqablarını dəyişmişdilər. Üstüaçıqları götürüb, yerinə qapağı açılıb-örtülən qablar qoymuşdular.
– Həə… Bu, artıq real iş oldu, – deyib keçdim.
"Sən demə, Muxtar kişi zəhlətökən deyilmiş, özü dediyi kimi, səksəni çoxdan haqlayıbmış. Dünyagörmüş adam kimi sözü havaya atmayacaqdı ki… Bəlkə…".
İyirminci əsrin sonu bizə üfüqdən baxırdı. Üfüqün o tayınamı keçmişdik, yoxsa sürüşüb geri düşmüşdük, bilmirəm. On il idi ki, aralanmışdıq. İki mininci ilin ilk onilliyində atlarımızı hara gəldi, dördnala çapırdıq. Bizim üçün yeni dövr ötən əsrin doxsanlarından başlayırdı. O vaxt kimin taleyinə hara yazılmışdısa, həyat neyinin akordlarını orda dınqıldatmaq xoş xatirə kimi hərdən yaddaşımızı təzələyirdi.
Elə mən də o vaxtdan Moskvadaydım, mərkəzi topdansatış bazalarının birində köhnə dövrün dili ilə desək baş kassir, təzə qaydalara görə xəzinədar işləyirdim. Alınan mallara nəzarət edirdim, məbləğin aparata düzgün vurulmasına baxırdım ki, həm itgi olmasın, həm də vergi ödəmə vaxtı problemimiz yaranmasın. İşçilər arasında İqtisad universitetini bitirən yeganə adamdım, şef sənədlərimdən başqa savadımı, beyniıni, bir də fantaziyamı yoxlayıb işə götürmüşdü. “Ticarətdə ki, fantaziyan olmadı, batdın”, həmişə belə deyərdi. Neçə ildi ki, burdayam. İnsafən, vəziyyətimdən razıyam, işlərim yaxşı gedir.