– Əlimdən nə gəlir ki?
– Gec-tez o Şəhrizadı görmək istəyəcək. O bacısını çox istəyir. Sizinlə əlaqə qurmaq istəyəcək. Şəhrizada da de, qoy onu yola gətirsin. Onun müqaviməti mənasızdır…
Sibir Qəzənfərin yanından çıxıb evə qayıdan Talıb tərəddüd içərisindəydi. Bilirdi ki, o Şəhrizada Məmmədrəsulun sağ olduğunu, həm də çox yaxında olduğunu desə, qardaşı üçün burnunun ucu göynəyən Şəhrizad Məmmədrəsulu görmək istəyəcək. Mərdliyi, qorxmazlığı ilə seçilən Şəhrizadın imkanı olsaydı hətta at belində qardaşını kənd-kənd, meşə-meşə axtarardı.
Hələlik Şəhrizada bir söz deməmək qərarına gəldi. Məmmədrəsulun xasiyyətinə bələd idi. Gec, ya tez bacısını görmək istəyəcəkdi…
Yaxşı deyiblər ki, cidanı çuvalda gizlətmək olmaz. Məmmədrəsul
söhbəti getdikcə böyüyürdü. Xırçınlıda sovet sədrinin öldürülməsindən sonra bu söhbət daha da böyüdü. Söhbət gəzirdi ki, Xırçınlıda sovet sədrini Məmmədrəsulun dəstəsi qətlə yetirib.
Orda yerlilərdən heç kim sovet sədri olmaq istəmədiyindən, Qəmərlidən təyin olunmuş yeni sovet sədri camaata qan uddurur, qız-gəlini belə qamçılayırdı. Məmmədrəsul da ona həddini bildirmiş, amma sovet sədri bir az da üstünə qoymuşdu. Odur ki, Məmmədrəsul öz adamları ilə gecə kəndə soxulub onu güllələmişdilər.
İndi Məmmədrəsul söhbəti gəlib Fərruxa da çatmışdı. Son vaxtlar Fərrux kəndin axundu Əhmədiyyə ağa ilə də yola getmirdi.
Kəndin qədim qəbiristanında Köyəli baba adlanan ocaq vardı. Bütün
kənd bilirdi ki, bu müqəddəs ocaqda uyuyan Köyəli baba Əhmədiyyənin ulu babasıdır. Əsrlərdən bəri insanların inanc yeri olan Köyəli babanın qəbri üstündə Əmiraslan bəylə Ziya bəy gözəl, əzəmətli kümbəz tikdirmişdi.
Kəndin bütün axundları, mollaları bu nəsildən gəlirdi. Bolşevik hökumətinin tüğyan etdiyi bir dövr olmasına baxmayaraq insanların Köyəli baba ziyarətgahına olan inamı zərrəcən də olsun azalmamışdı.
Əhmədiyyənin evi də ziyarətgahı xatırladırdı. Bu kənddə kimsə bir iş
görməmişdən öncə Əhmədiyyə babaya dua yazdırır, xeyir-dua alırdılar. Xəstələr onun duaları sayəsində şəfa tapırdılar.
Fərrux məktəbdə hər gün təbliğat aparırdı ki, camaat dinə inanmasın.
Əhmədiyyə babaya inanmağın xurafat olduğunu deyən Fərrux, hətta Sibir Qəzənfərin da qəzəbinə tuş gəlmişdi.
– Fərrux, mən tutulan gün rəhmətlik nənəm Əhmədiyyə babaya bir
dua yazdırıb, mənə vermişdi. Sibirə sürgün olundum. Mənimlə Qafqazdan gedənlərin biri də sağ qalmadı. Amma mən geri qayıtdım. Həyatımı o duaya borcluyam. Köyəli baba ocağının gücünü sən hələ görməmisən. Camaatın inancıyla oynama…