Gözləri doldu. Anası, atası gözləri önündə dayandılar. Sanki onlar
xəyal deyil, canlı idilər. Anası, – igid balam, çoxdandır sənə öz əlimlə hazırladığım yorğan-döşəkdə yatmırsan. Nə yaman qocalmısan, can bala. Mən səni belə qoyub getməmişdim axı…
Növbə atasına çatdı: – Məmmədrəsul, namusuna, qeyrətinə heyranam, oğul. Bilirəm qisasımızı almağa çalışırsan. Qürbətə getməyəcəyini bilirəm. Amma yerini dəyiş, oğul. Düşmən sənin bir addımlığındadır.
Anasının ətrini duydu. Atasının dediyi söz bir xəbərdarlıq idi.
Yerimizi dəyişməliyik… Amma öncə mən Şəhrizadı görməliyəm.
Anamın ətrini yalnız ondan, əziz bacımdan ala bilərəm…
Gecənin qaranlığında Şəhrizad və Talıb yatağında, Turqay ilə
Ilyas isə aralarında yatmışdılar. Qapı asta-asta döyülürdü. “Tuk… Tuk… Tuk…”
Şəhrizad gözlərini açdı. Talıb da oyandı.
– Aman Allah, xeyirdirmi, görəsən?
– Gecənin bu vaxtı kim ola?
Talıb cəld yerindən qalxıb, qapıya tərəf getdi. Gələn Məmmədrəsul
idi. Zil qara saqqalın, uzanmış saçların arxasından bir zamanlar bütün mahalda ad çıxarmış Məmmədrəsul bəyin gözləri baxırdı…
Şəhrizad qardaşına sarıldı, göz yaşlarını saxlaya bilməyib,
– Bəyim, atam, bu dünyada tək ümidim…, – dedi.
Məmmədrəsul bacısını sakitləşdirdi,
– Bax, gəldim… Səni gördüm, daha heç bir dərdim yoxdur…
Sonra Məmmədrəsulla Talıb ilə bir-birinə sarıldılar.
Baş vermiş qanlı hadisədən sonra hələ də özünü günahkar sayan Talıb bəy başını aşağı saldı. O hər zaman düşünürdü ki, kaş Əmiraslan bəy ona "Şəhrizadı da götür qaçın Şuşaya", deyəndə ona qulaq asmayaydı. Kaş o, son damla qanına kimi vuruşaydı, amma qayınları, həm də əmisi oğlanları olan Abbasqulu, Allahyar, İmamyar, Ramazan, Hüseyn ölməyəydilər. Onlar kimi igidlərin əvəzi yox idi. İndi Məmmədrəsul da çöllərə düşməzdi…
Məmmədrəsul yuyunub çörək yedikdən sonra dedi:
– Son vaxtlar yaman əl-ayağa düşüblər. Çaqqalların da sayı artıb…
Dedim bir də sizi nə vaxt görəcəm… Hər an, hər şey ola bilər…
Şəhrizad:
– Allah qorusun, bəy. Sən Allah, özünü qoru, – dedi.
Talıb:
– Eh, Şəhrizad, indi onu hər yerdə axtarırlar, Xırçınlıdakı
hadisədən də sonra lap azğınlaşıblar, – dedi.
– Mən qisasımı almamış, heç yerə gedən deyiləm. O Qüdsini qanına
qəltan edəcəm…
– Məmmədrəsul, axı biz hələ dəqiq bilmirik Qüdsi bizim arxamızca
nə üçün gəlmişdi. Bəlkə də bizi qorumaq üçün… Amma belə alındı…