– Qüdsi, mən səni çoxdan tanımasaydım yəqin ki, indi üzbəüz oturmazdıq. Mən Kirova lazımi qaydada məruzə edəcəm. Amma sən də ehtiyatlı ol. Deyirlər ki, qovğanı başlayan əsas adam da qaçıb…
Qüdsinin başqa yolu yox idi. Ömrü boyu Şəhrizadı sevmişdi. İndi desəydi ki, qırmızı komandiri Talıb vurdu, Şəhrizad da, el-oba da onu ömrü boyu bağışlamayacaqdı. Hamı düşünəcəkdi ki, Qüdsi Şəhrizada görə Talıbı gedər-gəlməzə göndərir, Talıbı inqilab cəlladlarına təslim etməklə Şəhrizada yiyələnmək istəyir…
– Yox, yoldaş Bağırov. Qırmızı komandiri vuran da, gülləbaranı
başlayan da Əmiraslan bəyin kiçik oğlu Məmmədrəsul idi. Hansı ki, qaçıb. Harda olduğu da bəlli deyil…
Bağırov razılaşmaq məcburiyyətində qaldı:
– Oldu, yoldaş Hacıyev. Hər halda Qarabağ revkomuna və fövqəladə
komissiyasına tapşırıq verəcəyik ki, quldur Məmmədrəsul Haqverdiyevi tapıb məhv etsinlər…
2
Ziya bəy ölüm yatağında idi. Arvadı Hurinisə onun yanında göz yaşlarına hakim ola bilmirdi. Var-dövlətinin əlindən çıxması Ziya bəyə o qədər təsir etmirdi. Onu ölüm yatağına salan qardaşı Əmiraslanın və oğullarının qətlə yetirilməsi idi. Neçə vaxtdan bəri Hurinisə xanım Talıb və Şəhrizadı da götürüb Arazın o tayına keçmələrini israr etsə də, ata-oğul bu barədə eşitmək belə istəmirdilər:
– Bu gözəl yurdu, babalarımızın qəbirlərini atıb hara gedə bilərik? Ondansa başımıza bir güllə çaxmaq daha şərəflidir.
Talıb bəy həm də onu deyirdi ki, – Ana, qürbət bizi qəbul edər… Amma süddənyanıq quzular kimi gözümüz daim bu tərəfdə qalar, könlümüz də od tutar… Quruluş dəyişib, var-dövlətimiz gedib, amma bəyliyimiz gedə bilməz, ana…
Oğlu Talıba görə qorxu keçirən Hürinisə xanım hər gün, hər an düşünürdü ki, gözünün ağı-qarası olan ciyərparasını gəlib aparacaqlar. Qırmızı komandirin ölümünü Talıb bəyə bu hökumət bağışlamayacaq. Geci-tezi vardı…
Ziya bəy oğlunu və gəlinini yanında görmək istədi. Şəhrizad baş vermiş olaylardan sonra neçə gün idi ki, iştahadan da kəsilmiş, üzüntüsü səngimək bilmirdi. O bir an öncə Amanbəyliyə qayıtmaq istəyirdi. Ata-anasının, qardaşlarının qəbrini ziyarət etməklə təskinlik tapa bilərdi. İndi əmisi Ziyanı da ölüm yatağında görməsi onun son ümidini də alt-üst edirdi. Dünyalar gözəlinin xoşbəxt və qayğısız günləri başa çatmışdı. Bir daha üzü güləcəyinə inanmırdı Şəhrizad… Yeganə sağ qalmış qardaşı Məmmədrəsul üçün dua edirdi. Məmmədrəsulun isə nə öldüsü, nə də qaldısı bəlli idi…