4:4=1
İndi bu həbsxanada ona əziz olan bir şey vardısa o da bu divardakı rəqəmlər idi. Hələ uşaqlıqdan bəri sevdiyi rəqəmlər. Samvel müəlliminin öyrətdiyi rəqəmlər. Ah! Samvel müəllim…
Axı niyə belə etdin, müəllim. O qədər çoxlu rəqəm yazırdın yazı taxtasına, hətta o biri dərsə zəng vurulana qədər heç kimi qoymazdım silsin o rəqəmləri yazı taxtasından. Amma sən özün sildin onları. Yandırdın evimizi, atamın meyitini, kəndimizə vurduğun odla yandırdın o rəqəmləri də birdəfəlik. Yox, mən bir daha o rəqəmləri öyrənməyəcəyəm. Bir daha riyaziyyat adlı dərsə getməyəcəyəm. Heç vaxt toplama, çıxma, vurma, bölmə aparmayacağam.
– Heç vaxt! – qəflətən bağırdı.
Bir il idi ki, burda, Şuşa türməsində idi. Özü də tək-tənha. Tək qaldıqca da məhv olurdu.
Əllərini göyə açdı:
– Allahım, – deyə pıçıldadı, – dünyada tək olan yalnız Sənsən. Məni tək qoyma!
***
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Cənubi Qafqaz üzrə nümayəndəsi Admirale Ankora İrəvanın "Zvartnots" hava limanında təyyarədən enər-enməz cəmiyyətin yerli nümayəndəsinə təcili Xankəndinə getməli olduğunu bəyan etdi. Ermənistan və Azərbaycan arasında Qarabağ müharibəsi başlayandan bəri İrəvana bir neçə dəfə səfər etmiş Admiraleni yerli nümayəndə bu qədər narahat və qayğılı görməmişdi.
– Xanım Ankora, məncə, cəbhə bölgəsinə sabah sübh tezdən yollanmaq daha yaxşı olar. Həm yol gəlmisiniz, bir qədər dincələrsiniz, – sözünün ardını gətirməyərək yaxınlıqda dayanmış "Mersedes"in arxa qapısını açdı. – Buyurun, əyləşin. – Özü də əyləşib üzünü sürücüyə tutdu: – Aşot, mehmanxanaya sür.
Onun bu hərəkəti Admiraleni lap hövsələdən çıxartdı:
– Cənab Miqranyan, Şuşa həbsxanasında on yaşlı azərbaycanlı oğlan ölüm ayağındadır. Mən əsirlərlə aparılan işə cavabdehlik daşıyıram. Biz münaqişəyə neytral münasibət bəsləsək də, mən öz vəzifə borcumu yerinə yetirməliyəm.
– Narahat olmayın, xanım Ankora. Düzdür, oğlanın bir ayağı və üç qabırğası sınmışdı, amma o, tam həkim nəzarətindədir. Əminəm ki, səhərə kimi də sağ-salamat qalacaq. Bir də ki, Stepanakertə biz yalnız sabah səhər helikopterlə gedə bilərik. Bu günə başqa heç bir reys yoxdur, – deyə hiyləgərcəsinə gülümsəyib, bayaqkı fikrini tamamladı.
Hirsini boğan Admirale razılaşmaqdan başqa çarəsi qalmadığını görüb başını buladı.
***
Şuşa həbsxanasına atıldığı gündən cəmi iki dəfə onun yanına həkim gəlmişdi. Birinci dəfə sınmış ayağına gips qoyanda, qabırğasını sarıyanda, ikinci dəfə isə Beynəlxaq Qırmızı Xaç Komitəsinin baş ofisindən olan nümayəndə ilə birlikdə gələn həkim gipsi götürəndə.