Atası iki vedrə qara böyürtkəni götürüb həyət qapısından çıxaraq, yolun kənarına qoydu. Anası arxada görünüb, – bəlkə kəndin ayağındakı bazara aparaq, orda daha tez satılar,-dedi.
Son zamanlar bəzi həmkəndliləri böyürtkənləri kəndin ayaq hissəsində yol kənarında yığışıb, kiçik bazara bənzəyən yerdə satırdılar. Daha əvvələr olduğu kimi həyətlərinin qarşısına, yol kənarına qoyub gözləmirdilər.
Amma hər dəfə həmin o, kiçik bazardan söhbət düşəndə atası narazılıq edib, hər vəchlə böyürtkənlərin oraya aparılıb satılmasına qarşı çıxırdı.Və hər dəfə də deyirdi ki, qismətdirsə elə burda da tez satacağıq.
Amma bu dəfə anası israr edirdi. Birdən burda satılmaz uşağın üzünə baxa bilmərik. Birisi gün son zəngdir. Uzağı sabah ona yeni paltarlar almalıyıq. Mən uşağımı köhnə, nimdaş paltarlarda göndərə bilmərəm. Hələ qarşıdan da uşağın instituta imtahanları gəlir. Niyə axı sən istəmirsən ki, böyürtkənlər tez satılsın? Bəyəm kiçik bazara toplaşanların hamısının başı xarab olub?
Atası yenə də dirənib kiçik bazara getmək istəmədi,– Bəli, orda olanların hamısı kəfəni boğazlarına dolyıblar. Hamının başı pul qazanmağa necə qarşıbsa hər şeyi unudublar. Bir gün gələcək ya özlərinin qarşısına çıxacaq, yadakı balalarının. Orda qazanılan pullar da haramdır.
Atasının bu sözləri anasının daha da marağına səbəb oldu. İnadından əl çəkmədi.
–Yaxşı, gedək , hər şeyi öz gözlərinlə gör,– razılaşmaq məcburiyyətində qalan atası vedrələri də götürüb kəndin ayağına doğru yollandı. Anası da onun ardınca gedirdi.
Həmkəndliləri qarşılarında böyürtkən dolu vedrələr sıra ilə yol boyu dayanmışdılar.Anası diqqət yetirdi ki, onlardan başqa daha heç kimin qarşısındakı vedrələrdə qara böyürtkən yox idi. Demək olar ki, hamı qırmızı böyürtkən satırdı. Qadın bir qədər toxtadı. Yəqin ki, tez bir zamanda iki vedrə qara böyürtkənləri satacaqdılar.
Şəhər tərəfdən gələn «Mersedes» onların qarşısında dayandı. Avtomaşından düşən qara eynəkli adam Ünalın ata-anasının qarşısındakı vedrələrə baxıb, qonşuluqdakı qırmızı böyürtkənlər olan vedrələrə yaxınlaşdı,– Bunun qıramı neçəyədir? Bu vedrəni gətir maşina,-dedi və yenidən qayıdıb maşina əyləşdi.
Ünalın anası heç nə anlamadan mersedesə doğru baxdı. «Bəyəm böyürtkəni qramla satırlar?»
Qonşu vedrəni əlinə götürüb avtomaşının pəncərəsinə doğru yaxınlaşıb cibindən kağız bükülü çıxarıb içəri uzatdı. Eynəkli tez bükülünü qapıb, oturacağın altında gizlətdi. Əlini cibinə salıb çıxartdığı yüz dollarlıq əskinazı qonşuya uzatdı.Tez də maşını işə salıb bir qədər irəlidə Ünalgilin vedrələrinin qarşısında yenidən surəti azaltdı. Anası ağzını açıb cani-dildən,-qara böyürtkənləri götür, bu böyürtkənlər kimisini burda tapmayacaqsan,-demək istədikdə, atası başını bulayıb,-işin yoxdur, qoy getsin. Ona qara böyürtkən lazım deyil,-dedi. Qara eynəkli maşınını sürüb oradan uzaqlaşdı.