Dəli Çəmənli - страница 21

Шрифт
Интервал


Yapon əmi köhnə qəbirlərin başdaşındakı yazıları oxuyurdu. Məni ən çox qəbirlərin tarixi maraqlandırırdı. Az-çox oxunan daşların üstündəki yazıların tarixi yüz əlli-iki yüz ili haqlayırdı. Amma orada artıq yarıyacan torpağa batan, yazıları oxunmaz hala düşən nə qədər qəbir daşları vardı. Onların tarixi kim bilir, neçənci illərə gedib çıxırdı?.. Düşündük ki, bu daşların ən azı 400—500 il tarixi var. Ona görə təxminən 500 il qeyd etdik.

Bir neçə gündən sonra Vikipediyada bizim daxil etdiyimiz materiallar azərbaycanlı vikipediyaçılar tərəfidən ləğv edilmişdi. Əvəzində isə Azərbaycan Toponimlərinin ensklopedik lüğətinə əsaslanaraq yazılmışdı ki, Çəmənli kəndi 1918-ci ildə yaradılıb. Yaxşı, onda bəs Çəmənli qəbristanlığındakı 300—500 il tarixi olan məzarlar kimindir? Molla Pənah Vaqifin Molla Vəli Vidadi ilə deyişməsində adını böyük hörmətlə çəkdiyi Hətəmxan ağa haralıdı? Ən azı MDTA da Çəmənli Hətəm xanın, Çəmənli Hacı Tahirin obaları kimi 1844-cü ilə aid əhalinin siyahiya alınma sənədlərində qeyd olunan 68 evdə yaşayan 237 nəfər harada yaşayırdı?

Əziz həmkəndlilərim, siz heç narahat olmayın. Biz bu barədə də öz sözümüzü deyəcəyik. Hazırda tarıxci Ənvər Çingizoğlu ilə Akif müəllim bu sahədə araşdırmalar apararaq müəyyən tariıxi həqiqətləri üzə çıxarırlar.

Amma mən hələlik onu qeyd edim ki,1844-cü ildə Rusiya İmperiyası tərəfindən keçirilən siyahıyaalmada Çəmənli Hətəm xanın obası 68 evdən ibarət olub 237 nəfər sakin göstərilmişdi. Çəmənli Hacı Tahirin obası isə 40 evdən ibarət olub, obanın sakinlərinin sayı isə 126 nəfər olmuşdur.

Mənim yazım Çəmənli kəndinin qədim tarixinə həsr edilmədiyi üçün burada öz qeydlərimi dayandırıram.

…Seyid Yusif Ağa ilə söhbət edərkən ona içimdə yaşatdığım bir arzumu bildirdim. Dedim ki, mən Seyid Lazım Ağa haqqında yazı yazmaq istəyirəm. Ağanın nurani çöhrəsinə güclə sezilən bir təəccüb qondu.


– Ağanı görmüsənmi? – deyə soruşdu.


– Görmüşəm, amma yaxşı yadımda deyil, -deyə cavab verdim.

– Görmədiyin, tanımadığın şəxs haqqında yazmaq çətindir axı, -dedi Ağa.

– Bilirəm, çətindir. Amma tarixdə belə şeylər çox olub. Böyük şəxsiyyətlərdən yüz illərcə sonralar da, onların haqqında layiqli əsərlər yazılıb…

Ağa bir anlıq sükuta qərq oldu. Hiss elədim ki, sözlərim onun ürəyinə narahatlıq gətirdi. Amma sükutu pozmaq istəmədim. Bir neçə andan sonra Ağa təmkinlə sözünə davam etdi: