– Seyid Lazım Ağa sadə bir insan olub. O camaatın içində yaşayıb, sadə həyat sürüb, insanlara əl tutmağı, yaxşılıq eləməyi həyat tərzi seçsə də, bu barədə danışmağı heç zaman sevməyib. Ağa insanlara ürək-dirək verib, qəlblərində ümid işığı yandırıb. Çətinə düşən Allah bəndələrinə Allahın kəlamlarınin qüdrətini öyrədib, cəddinin bütün gücünü bir xoş sözlə, bir sevgi dolu baxışla el-obanın camaatına çatdırıb. Bunu Vətənini, xalğını canı kimi sevən hər bir adam etməlidir, burada qeyri-adi nə var ki?
Bu dəfə susmaq növbəsi mənə çatdı. Dönüb «Seyid Lazım Ağa» məqbərəsinin həyətindəki ağaclara baxdım. Yarpaqlar günəşin şəfəqləri altında parıldayırdı. Həyət, cəh-cəh vuran quşlarla dolu idi. Qızılgül kollarının ətrafında arılar uçurdu. Hər yan gözəl idi. Cavanlar Ağanın məqbərəsini ziyarət etdikdən sonra bağçada dolaşır, sanki bu gözəllikləri gözlərinə köçürmək istəyirdilər. Bu insanları bura gətirən Ağaya olan sevgi idi. Tanrı tərəfindən onun cəddinə bəxş edilən qüdrətə inam hissi idi. Düşünürdüm ki, cəmi bir neçə saatdan sonra mən də, bu ziyarətə gələnlər də, hamımız çıxıb gedəcəyik. Amma hərəmiz öz içimizdə Seyid Lazım Ağa nurundan bir zərrə aparacağıq. İllər keçəcək, bu günlər də bir tarix olacaq. Amma bura üz tutan insanların sayı heç zaman azalmayacaq. Bəs, bu adamlar Ağa haqqında məlumatı haradan alacaqlar? Ağa ona üz tutub gələn insanlara nəyi bəxş edirdi? O necə yaşayırdı? Nələri təlqin edirdi? Öz həyat tərzini nümunə göstərməklə el-obasına nəyi başa salmaq istəyirdi? Özüm də öz suallarıma cavab verirdim:
– Ağa ona pənah gətirən insanların içində sarsılan Allah sevgisini onlara qaytarırdı. Ağa insanlara Allahın Əhli-beyt nəslinə bəxş etdiyi xeyir-dua vermək şərəfindən istifadə edərək, onlara xeyir-dua verirdi. Ağa insanlara Allahdan ruzi-bərəkət diləyirdi. Ağa, duası həmişə hasilə yetən bir mömin idi. Ağa Allah adamı idi. Ağa Allahı sevirdi, Allah da öz mömin bəndəsini sevirdi. Allah sevdiyi insanları belə urvatlı edir. Ağa Allahın urvatlı bəndəsi idi. Allahın sevdiyi bəndədən yazmaq Allaha xoş gedən bir iş deyildimi?
Mən bunları Seyid Yusif Ağaya demədim. Amma Ağa haqqında yazmaq fikrimi də dəyişmədim. Doğrudur, hələlik bu bir arzu olaraq içimdə qalır. Amma bir gün bu arzumun Ulu Tanrının köməkliyi ilə həqiqətə çevriləcəyinə inanıram. Yəqin Seyid Yusif Ağa bu sətirləri oxuyanda gülümsəyib deyəcək: