«Ruhlar şəhəri» nə sağlam nəzər
Zaur Qarabağiyə həsr olunur
Gözlərimin önündə Ağdamın xarabalıqları… Şəkillər, şəkillər, şəkillər…
Elə bil xarabalıqların şəkillərini yaymaq üçün yarışa girmişik. Kim daha «gözəl» şəkil yaya bilər. Ah, səndə dağılmış məscidin şəkli varmı? Ah! Bu çay evidi… Gör nə günə düşüb? Onu blituzla mənə göndər. Evdə nənəmə göstərəcəm. Ay Allah, bu nədi, mədəniyyət evidi? Gör nə cür dağıdıblar? Əla! Onu da göndər…
Söhbətə qarışıram… Tezliklə Ağdam şəhəri işğaldan azad olacaq!
– Nəə? Ola bilməz! Tarixində inanmaram. Bu gün Ağdam azad olsa, ayaqyalın-başıaşıq Ağdamacan gedərəm, amma inanmaram, öldürəsən, inanmaram.
Susuram. Allah sənə kömək olsun!. Allah sənə bircə zərrə də olsa, ümid versin, deyə
ürəyimdə dua edirəm.
Zaur Qarabaği
Gəncliyimdə Əfətlidə Mikayıl adlı (Allah rəhmət eləsin!) bir tanışımın kitablarının içində bir kitab gördüm. Adı da qəribə idi: «Fikir dalınca». Kitabı oxumaq üçün istəyəndə tanışım az qaldı məni qucaqlayıb öpə. Sən bu kitabı niyə seçdin? Bu kitab insanın fikirlərinin ən canlı, ən kamil bir yaradıcı qüvvə olduğunu deyir. Sözlərindən heç nə anlamadım. O vaxtlar o kitabı da anlaya bilmədim. Demək olar ki, oxumadan sahibinə qaytardım. İlk oxuduğum dini kitabda deyilirdi: " Allah insanı öz timsalında yaratdı, özünə oxşar yaratdı». Qəbul etdim. Doğrudan da insan yaradıcıdır. Amma insan Allahdan fərqli olaraq, cansız aləmi yaradır. İnsan hər şey yaradır, amma onun yaratdığları zamana qalib gələ bilmir. Bir zamanlar mən də belə fikirləşirdim. Arqonavt Yasonun gəmisi yadınızdamı?..Uzaq bir adada başı keyfə qarışan yunanların gəmisi tez bir zamanda yarıyacan quma batmışdı. Doğrudan da, İnsan zamana qalib gələ bilmir…