Nə? Mən nə danışıram? İnsan zamana qalib gələ bilmir? Onu kim dedi? Zamana qalib gələn insan yoxmu? Bəs, Məhəmməd peyğəmbər (S.A.Ə.S) Bəs, Sokrat? Bəs, Nizami? Bəs, Motsart? Bəs, Bethoven? Bəs, İsaak Nyuton? Bəs Eynşteyn? Bəs, Mustafa Kamal Atatürk? Bəs, Heydər Əliyev? Onların yaratdığına cansız demək olarmı? Axı, onlar nə yaratmışdı? Onların yaratdığı ilk öncə sadə bir fikirlə başlamırdımı? Hər bir işin başlanğıcında sadə bir fikir, sadə bir ideya durmurmu? Sonra nələr baş verir? Daha güclü bir qüvvə olan inam yaranmırmı? Hər şeyin inamdan başladığı aydın deyilmi? Məgər onlar özləri yaratdıqları ilə bərabər yaşamırmı? Yox? And içə bilərsiniz? Həə? Bilirəm, bilirsiniz ki, onlar yaşamır. Qəbirləri hardadı, onu da bilirsiniz. Görürəm, çox məlumatlısınız. Siz uça bilirsinizmi? Nəə? İnsan uça bilməz? Ah, siz realistsiniz! Aydındı!
Heç nə aydın deyil! Mən bu gün Ağdamı sizdən fərqli görürəm:
Ağdam böyük bir tikinti meydanıdır. Minlərlə ekskovatorlar, buldozerlər şəhərin ərazisini müharibənin törətdiyi zibilliklərdən təmizləyir. Mühəndislər layihələr tərtib edir, planlaşdırırlar. Minlərlə maşınlar daş, çınqıl, qum daşıyır. Əyinlərində tikinti forması on minlərlə insan Yeni Ağdamı tikir. Parklar, salınır, yollar çəkilir, məscid təmir olunur. Yeni Aeroport binası inşa olunur, Yeni dəmir yol vağzalı, avtovağzallar tikilir.. Yollar boyu ağaclar əkilir, üzümlüklər salınır (mən üzümü çox sevirəm). Hələ çox şeylər yaza bilərdim. Qorxuram oxumayasınız! Bəlkə də oxumayacaqsınız. Amma oxuyan tapılacaq. Mənim təsvir etdiyim Ağdama öz varlığı qədər inanan insanlar var. Bizimlə,…siz inanmayanlar görəcəksiniz bu işi…
Yeri gəlmişkən…Allah işinizi avand eləsin!
P.S.
Məni xəyalpərəst adlandırmaq istəyənlər G. Uelslə V. Leninin söhbətini yadınıza salın. Dogrudur, mən V. Lenin deyiləm, amma…siz də G. Uels deyilsiniz!
Nə əkərsən, onu biçərsən…
Bir atalar sözünü yadınıza salmaq istəyirəm:-«Nə əkərsən, onu biçərsən»…
Çox sadə bir atalar sözüdür. Bu atalar sözü o qədər sadədir ki, uşaqdan-böyüyə kimin yolunu kəib soruşsan ki, bir atalar sözü bilirsənmi, deyəcək hə: «Nə əkərsən-onu biçərsən». Sadəlikdə bu atalar sözündən sadə atalar sözü fikirləşib tapmaq çətindir. Mən dünya xalqlarının mədəni irsi ilə tanış olanda gördüm ki, elə bir xalq yoxdur ki, onun folklorunda bu hikmətli söz olmasın. Əcəb işdir, niyə bu atalar sözünü bütün xalqlar işlədir? Dərin fikrə getdim. Yəqin bu hikməti aləmi quran zaman cənabi-Haqq Adəm atamıza öyrədib. Dünyada olan bitkilərin adlarını öyrədib sonra da başa salıb ki, hansı bitkinin toxumunu əksən, onun da məhsulunu yığacaqsan. Doğrudan da, taxıl əkən taxıl biçəcək, arpa əkən arpa biçəcək və c.