Bir dəfə-bizə niyə «Dəli Çəmənli» deyirlər, – deyə atamdan soruşdum. Atam mənə «Koroğlu» dastanını oxumağı məsləhət gördü. Həmin gün kitabxanaçı Kamran dayıdan «Koroğlu» kitabını alıb evə gətirdim. Çarpayıya uzanıb kitabı oxumağa başladım. Aman Allah, bu dəlilik nə qəribə şey imiş. Sən demə, bir zamanlar qoçaq, mərd, igid insanlara «dəli» deyirmişlər. O gündən kəndimizin kişilərinə başqa gözlə baxmaga başladım. Müseyib əmi, Cəmil əmi, Şükür dayı, Əyyub dayı, Əli dayı, Pirhəsən əmi, Bəhmən əmi, Nəsib əmi, kəndimizin əbədi briqadiri Köçəri əmi, Qoşunalı əmi, Məhəmmədəli əmi, Səfər dayı, Nüşirəvan əmi, Şiraslan əmi, Qaytaran əmi, İsa əmi (Kəndimiz o sadə insanı çox tez itirdi), Əsəd əmi, Mürşüd əmi, Abdulla əmi, Möhsüm əmi, Yapon əmi, Heydər əmi, Pezər əmi, Alı əmi…
Haqq dünyasına qovuşanlara Allahdan rəhmət, qalanlara can sağlığı diləyirəm.
Mən onların qızmar günəşin altında yanıb qaralmış üzlərinə, cadar-cadar olmuş əllərinə baxıb fəxr edirdim. Bu kişilərin Koroğlunun dəlilərindən nəyi əskik idi? Onlar sadə, şərəfli bir həyat sürür, öz əllərinin zəhmətilə dolanır, evlər tikir, yollar çəkir, tarlalarını əkib-becərir, minnətsiz yaşayırdılar. Kəndimizin sadə insanlarının necə mərd igid olmaları İkinci Cahan müharibəsində daha da bəlli oldu. Yüzlərlə-minlərlə oğullarımız müharibənin ilk günlərində könüllü olaraq ordu sıralarına yazılıb cəbhəyə yollandılar. Tez bir zamanda onların səsi-sorağı Sovetlər Birliyinin müxtəlif guşələrindən gəlməyə başladı. Neçə-neçə ogullarımız cəbhədən dönmədi, onlardan «qara kağız"lar gəldi. Çəmənlidə qara kağızların döymədiyi bir qapı qalmadı. Onların arasında mənim Yaqub dayım da vardı. Neçə qızlar nişanlı, neçə gəlinlər dul qaldı. Hələ o vaxtlar arxa cəbhə adlandırdılan kəndimizdə nələr baş verirdi? Bir üzü qız, bir üzü gəlin olan analarımız cəbhəni çörəklə təmin etmək üçün tarlalarda gecəni gündüzə qatıb çalışırdılar. Onlar əkib-becərdikləri taxılın bir dənini də özlərinə qıymır, hamısını cəbhəyə göndərirdilər. Bu kəndin qadınları da qəhrəmandır.
«Dəli» adı, Koroğlu zamanından üzü bəri bu torpaqlarda yaşayan ulu babalarımızın bizə bir əmanətidir. Bizim atalarımız-babalarımız, bu ad üçün biz sizə borcluyuq. Siz bizi şərəfləndirdiniz. Bizi Koroğlu Dəlilərinin, Dəli Kürün, Dəli Domrulun, Dəli Becanın səviyyəsinə qaldırdınız…