Ata yurdunu yiyəsiz qoymayın…
İçimdə bir dərd daşıyıram. Bir kimsə ilə bölüşə bilmirəm. Bölüşməyə özümə mənəvi haqq verə bilmirəm. Fikirləşdim ki, bəlkə kağıza köçürüm? Əslində köçürməyə də bilərdim. Bu mənim içimdə daşıdığim öz dərdimdir. Kimisə öz dərdlərinlə yükləmək nə dərəcədə ədalətlidir? Lakin indi anlayıram ki, həyatda hər şey təkrar olur. Bu gün düz 40 il bundan əvvəl mənim atdığım addımları atmaq istəyənlər var. Uzaq diyarların cazibəsi çox gənclərimizi dinc oturmağa qoymur. Həvəslənib qanadlanmaq istəyirlər. Əğər qanadlanmaq istəyirlərsə eybi yoxdur, qoy qanadlansınlar, amma yuvalarını doğma torpaqlarında qursunlar. Şübhəsiz mənim bu fikirlərimlə razılaşmaq istəməyənlər tapılacaq, amma inanın ki, çox səmimi deyirəm, əgər hal-hazırda məni buralarda saxlayan bəzi qüvvələr olmasaydı, məmnunuyyətlə ata yurduna dönər, palçıqdan bir daxma düzəldib orada şad-xürrəm yaşayardım.
1978-cı ilin isti yay günlərinin birində yolum Çəmənliyə düşdü. O vaxtlar qardaşım köçüb Ağdam şəhərində yaşayırdı. Bacım Əfətli kəndində ailıə həyatı qurmuşdu. Mənim isə xəyallarımın göylərdə uçan vaxtı idi. Çəmənliyə də elə-belə bəzi dostlarımdan hal-əhval tutmağa gəlmişdim. Dedim, gəlmişkən həyətimizə də da baş çəkim. Həyətimizə yaxınlaşanda gördüyüm mənzərə hələ də həyatımın sevincli anlarına soğan doğrayır. Qədəm-qədəm böyüyüb boy atdığım həyət sahibsiz qalmışdı. O anlarda keçırdiyim hislərin təsiri ilə «Övladlar dönükləşəndə» şerini yazdım. Şer uzun müddət dəftərimdə qaldı. Heç kimə göstərmədim. Elə bir adətim də yox idi. Lakin, bir dəfə ürəklənib «Ulduz» jurnalına apardım. O vaxtlar jurnalın poeziya şöbəsində Vaqif Cəbrayılzadə adlı bir şəxs işləyirdi. Şeri təqdim edib çıxıb getdim. Bir həftədən sonra yenidən redaksiyaya gəldim. Vaqif müəllim «faciəli surətdə» mənə bildirdi ki, şeri çap etmək mümkün deyil. Mən şeri geri istədim. Şerin hər sətirinin başında Vaqif müəllimin düzdüyü nida işarələrini görəndə çox təəccüb etdim. Səbəbini soruşanda onun mənə dediyi sözləri necə var, eləcə də sizə çatdırıram. «Qardaş, bu sətirlərin hərəsi bir şer mövzusudur. Sən nə etmisən? Hamısını faciəli surətdə yığıb doldurmusan bir şerə. Bunu çap etmək olmaz. Bədii cəhətdən də çox zəifdir. Yeni şerlərini gətir, oxuyub rəy bildirək». «Çox sağ olun» deyib çölə çıxdım. Yadıma onun «Qaçhaqaç» şeri düşdü. İlahı, o vaxtlar ikimiz də xalqımızın başına gələcək fəlakətləri qələmə almışdıq, özümüzdən belə xəbərsız. Lakin, o vaxt mən də Vaqif müəllimin bu şerinə dodaq büzmüşdüm. Sonralar anladım ki, təsadüfi şer yazılmır. Hər bir şerin içində bir hikmət var.