Bu yay da belə keçdi̇. Şerlər - страница 7

Шрифт
Интервал


Bu şeri paylaşmaq üçün hazırlayanda bəzi sətirləri dəyişdim.

Məsələn, birinci bəndin üçüncü misrası belə idi:

Çöksün utancaqlıq yanaqlarına…


Axırıncı bənd iki variantda idi.

Çox ağrılı sətirlər vardı, rəva görmədim:


Sonra da ayrılaq!

Üz tutub hərə,

Gedək sən bir yana,

mən də bir yana,

Dönüb şirin – şirin xatırələrə

Səpilək hərə bir evə, ünvana


Bu bəndin üstündən tamam xətt çəkmişdim.

Amma deyəsən əsil həqiqət elə bu bənddə imiş. Ən azından, ikimiz də başqa ünvanlarda yaşayırıq.


Axırıncı bəndin yeni variantının birinci, ikinci sətri də fərqli idi:


Ayrılıq yaxındı,bəs qəlbimizə,

Neyləyək, qonmasın bir zərrə kədər?..


Yox! Heç nə anlamadım.

Görüşə dəvət etmək istədiyinə ayrılıqdan danışmaq çox qəribədir, deyilmi?

Mənim gəncliyimin qızları, siz bahar nəfəsi kimi ilıq, bənövşə kimi utancaq idiniz. Heç zaman başınızı qaldırıb adamın üzünə baxmazdınız. Söz deyəndə yanaqlarınız lalə kimi qızarardı. Bəlkə də ona görə mənim bu şerim xəyallarımda qurduğum bədii lövhədən başqa bir şey deyildi.

Çox maraqlıdır, bu şer dəftərimə mənim öz xəttimlə yazılmayıb. Bəlkə sən var idin, bu şeri dəftərimə köçürməyi mən səndən xahiş elədim.

Bəlkə bu bir məktub idi?

Göndırilməyən məktub…

Dəftərimdə 40 il sükutla yaşayan şerin adını da belə qoydum:

Göndərilməyən məktub

Bir axşam görüşək sahil bağında…

Bir az ürəkli ol, inadı burax.

Şəfəqlər parlasın yanaqlarında,

Arabir qıyğacı gözlərimə bax.


Ürkək addımlarla yerimək niyə?

Gülüşə bələnsin incə dodaqlar.

İpək saçlarına toxunsun deyə,

Üstünə əyilsin körpə budaqlar.


Bir boş skamyaya gəlib yetərkən,

Dincəlmək adıyla oturaq qəstən.

Dərim ulduzları bir-bir göylərdən,

Asım medalyon tək sinənin üstən.


Bir könül bağışla mənə təzə-tər,

Əmanət götürüm təbəssümündən.

Haçan bir də bura yolumuz düşər?

Bu da bir xatirə yay mövsümündən…


Bax, heç nə gəlməsin ürəyimizə,

Qəlbi üşütməsin bir zərrə kədər.

Beləcə sığınıb bir-birimizə

Uyuyaq sahildə səhərə qədər…


Vahid Çəmənli

25 iyul 1978

Bu yayın istisi bir az çox oldu

Doldurub kömürü, basdı körüyü,

Şəfəqlər hər biri yanar ox oldu.

Çaylarım qurudu, qaldı köpüyü,

Bu yayın istisi bir az çox oldu.


Vədəsiz saraldı dağda lalələr,

Boşaldı, boş qaldı zər piyalələr,

Sızqa suya döndü gur şəlalələr,

Bu yayın istisi bir az çox oldu.


Çəmənin ciyəri çöldə alışdı,

Yaşılbaş sonralar göldə alışdı,

Şirin kəlmələrim dildə alışdı,

Bu yayın istisi bir az çox oldu…