Kəhrizin başında dayanıb baxdım,
Keçdi göz önündən qismətim, baxtım…
Əridim, buxar tək göylərə axdım,
Bu yayın istisi bir az çox oldu.
Dünyanın qəmini yığdım üstümə,
Bölməyə nə anam, nə nənəm qalıb.
Ayaqlar yoruldu,
Qollar yoruldu,
Yorulmaq bilməyən bir çənəm qalıb.
Atəşəm, alovam – edirdim güman,
Bilməzdim bu odu söndürər zaman…
Məni oxa basdı çox qaşı kaman,
Süzgəcə bənzəyən bir sinəm qalıb.
Hanı dağ vüqarım, hanı dağ eşqim?
O dəcəl baxışım, o şıltaq eşqim.
Çox verdin ömrümə kef-damaq, eşqim,
Zilimi tükətdin, quru bəm qalıb.
Ay Vahid, qış gəlib, hava ayazdı,
Bir saxla qələmi, nə yazhayazdı…
Tanrım qismətimi şəhərdən yazdı,
Kənddə gözü yolda bir sənəm qallb.
Məni bənd eləmə özünə gözəl,
Ömür sətirlənir varaqdan keçir.
İndi necə düşüm izinə gözəl?
Yollarım burulur qıraqdan keçir
Hər səni görəndə əsir dizlərim,
Çaşıram, baş-ayaq olur sözlərim,
İsti göz yaşıyla dolur gözlərim,
Atəşi süzülür yanaqdan keçir.
Vədəsiz gəlmisən solan ömrümə,
Dünyanın kədəri dolan omrümə,
Demərəm bəzək ver qalan ömrümə,
Hər anım tənədən, qınaqdan keçir.
Şirin cavanlığım hara tələsdi?
Qocalıq qış kimi qapımı kəsdi.
Ürək pıçıldayır, həvəsdi bəsdi,
Söz sözə baxmır ki, dodaqdan keçir…
Vahid, qəm eləmə, çatma qaşını,
Kimsədən gizlətmə olan yaşını…
Çevir o gözəldən öz baxışını,
İmanın, dözümün sınaqdan keçir!
Oddan mələk yaratdın,
Dedin Şeytandı, Allah.
Çərxi-fələk yaratdın,
Dedin zamandı, Allah.
Sudan cahan yaratdın,
Dedin yalandı, Allah.
Torpaqdan can yaratdın,
Dedin İnsandı, Allah.
Yaratdın da yaratdın…
Sonra da bu İnsanı,
Sonra da bu Şeytanı,
Birlikdə Yerə atdın.
Ya məni oddan qoru,
Ya suya döndər, Allah…
Anlamadım mən səni,
Bir izah göndər, Allah!
Qarabağ, ay mənim muğam beşiyim
Qarabağ, ay mənim muğam beşiyim,
Həsrətin əlindən gəlmişəm zara.
Qarabağ, ay mənim evim, eşiyim.
Necə boyun əyim bu sərt rüzgara?
Qırıq ümidimi apardı sellər,
Yol tapa bilmirəm qoca dağlara.
Mənə xəbər verin, ay əsən yellər,
Nə zaman yetəcək əllərim yara?
Dəmir qayalara yazdım adımı,
İndi kimlər yazır adını ora?
Ey Tanrı, özümə qaytar odumu,
Qoyma bu dərd gedə mənimlə gora!
Azərbaycan Ordusunda layiqli döyüş yolu keçən dostum Mail Adilova həsr edirəm
Mail Adilov
Kəlbəcərin igid oğlu, alqış sənə,
Qarabağda tufanlara gərdin sinə,
Ürəyində odun – közün çətin sönə,
Dağlar oğlu, dağ vüqarlı Mail dostum.