“Muğam qalaktikaları” arasındakı məsafədə təkcə zəncirin halqaları bir-birinə calanır. Lakin onların şəkli, məzmunu, funksiyası, konstitusiyası çox cüzi dəyişir. Bürclərin forması kimi.
İnanıram ki, indi oxunan simayi şəms 7 min il öncə oxunan simayi şəmsdən bəlkə nə az, nə artıq idi. Muğamın yaxşı mənada konservativliyi də elə bunda özünü nümayiş etdirir. O da, ahəngdar türk dilinin özü kimi yaxşı mənada konservativdir. Üç min, hətta altı min il bundan əvvəlki Babilan, Luristan, Təxti Cəmşid, Muğan, İribunye (İrəvan) və Naxçıvanda aşkar edilmiş türk dilindəki mətnləri anlamaq o qədər də zor tələb etməyən kimi, Günəş qasırğalarını özündə əks etdirən simayi şəmsi də başa düşmək çətin deyil. Heç kimə ona struktur və metrik dəyişikliklər etməyə icazə verilmir. Tizlərdə[2] (zəngulələrdə), enib qalxmalarda, səs tembrinin seçimində ifaçıya sərbəstlik verilsə də. Əgər yeddi min ilin arxasından bizə gəlib çatmış muğam möcüzəsini eşitmək istəyirsinizsə, buyurun 19-cu əsrdə vala yazılmış Cabbar Qaryağdı oğlunun ifasında simayi şəmsi dinləyin. Min illərin sorağını eşidəcəksiniz u sirrli ifada. Simayi Şəms həmən simayi şəmsdir. Və o zaman suallar öz-özünə baş qaldıracaq:
Haradan gəlir bu səs? Hansı qərinələr, yüz illər, min illərdən baş alıb gəlməkdədir bu nəfəs? Bəlkə bu avaz, bu qiyam öz kökünü kahkəşanlı tariximiz yazılmış, ancaq xəbərimiz olmayan Ata Yurdumuz Babilandan alır? Günəş səmasında fazalarla baş verən partlayışların əksi deyilmi bu çaxnaşmalar, bu yanğılı partlayışlar?


Mixi Yazılı mətnlər üzərində son 22 illik gərgin araşdırmalar sübut edir ki, onların dili türk dilidir. Musiqi kainatının bizim Günəş sisteminin də daxil olduğu “Saman yolunda” Ü.Hacıbəyli təyinatına görə 7 (Rast, Şur, Segah, Şüştər, Çahargah, Bayatı Şiraz, Humayun); dövrünün görkəmli elm, incəsənət və ədəbiyyat tədqiqatçısı olmuş, doğulduğu Şuşada ilk dəfə ədəbiyyat və xanəndələr cəmiyyətləri yaratmış, 20 kitab müəllifi, naşir Mir Möhsün Nəvvab (1863–1918) müşahidəsinə görə isə 12 (Rast, Uşşaq, Busəlik, Hüseyni, İsfahani, Zəngulə, Rəhavi, Buzurq, İraq, Şadhiz, Nəva, Hicaz) Muğam qalaktikası mövcuddur. Qədim yazılı dünyamızın araşdırmalarının nəticələri sübut edir ki, Musiqi kainatında onları yaradanlar mixi sistemli yazını gətirmiş ulu əcdadlarımızdır. Həm mixi yazılarının, həm də muğamın ilkin vətəni isə Babilandır. Təmiz türk sözlərindən yaranıb qədim ölkəmizin adı: Bab –