Əgər əsirgəsəm canımı ondan,
Bənzədin çöllərdə bir daşa məni
23.04.2019
Könül, qəm eləmə, bitər bu çilə,
Yazın bir ucunu qışa çəkərlər.
Gah yağar, gah əsər, gah da gün çıxar,
Günəşi buludla qoşa çəkərlər.
Gəzdim ana yurdu ev – ev, kəndbəkənd,
Tanıdım hamını, yerindədir zənd…
Çox sözə – söhbətə heç olmadım bənd,
Naşıdır desələr, huşa çəkərlər.
Dünyanın işindən olmasan halı,
Qınama dostları, eli, mahalı.
Gün gələr süzülər sözünün balı,
Səni də hörmətlə başa çəkərlər.
Ay Vahid, səfərə hazır ol hər an,
Bir gün gedəsidir hər doğulan can.
Zaman var-yoxunu etsə də talan,
Şəklini bahalı daşa çəkərlər.
24.04.2019
Ədalət Bədİrxanlıya həsr olunur
Ey könül saz elə ruhunu yazla,
Könül dünyamıza şöhrət, şan gəlir.
Oxu bülbül kimi şirin avazla,
Dost ilə görüşə ulu can gəlir.
Yerdədi, göydədi xəyalın ustad?
Hər sözün dad verir, – şəkər kimi dad.
Ovunu bərədən qaçırma, səyyad,
Gecə sona çatır, qızıl dan gəlir.
Vahid, yenə qurdun irfan məclisi,
Yanar, ürəklərin çıxar istisi…
Bu dadlı məclisin ən həvəslisi, —
Sərrafı Ədalət Bədirxan gəlir!
Çəkİləydİ zirvələrİn dumanı
Səhər – səhər Əhməd Üştübün dostumun çəkdiyi Nüvədi və Üştübün mənzərələri qəlbimi kədərlə, gözlərimi yaşla doldurdu. Yurda həsrət qalan bütün həmvətənlərimə, eləcə də dəyərli Nüvədili dostlarıma həsr elədim bu şeri…
Könlüm sənə həsrət qaldı, Nüvədim,
Xəyal üçür yetim qalan bağlara.
Çəkiləydi zirvələrdən dumanın,
Kaş dönəydik o bəxtəvər çağlara.
Araz boyu, bahar gülən bir ayda,
Millətimiz o tayda, həm bu tayda…
Sevinəydi aman Allah, bu çay da,
Baxıb, baxıb hələ canı sağlara.
Vahid, sözün ürəkləri dağladı,
Zəhər oldu ağzımızın bal dadı.
Allı-güllü Nüvədimiz dardadı.
Aman bahar, gəlmə bizsiz dağlara…
27.04.2019
Səndən xəbər gəldi, xəbərin olsun,
Dedilər, hələ də şaxlığın qalıb!
Bir az gözəlliyin, bir az təpərin,
Bir az da şənliyin, şuxluğun qalıb!
Hər səhər durursan Günəşdən qabaq,
Çörək bişirirsən dolu bir tabaq…
Baxışın od saçır, duruşun qıvraq,
Qırğı tək yerişin, şıxlığın qalıb.
Gəldi qulağıma mülayim bir səs,
Ürək o ürəkdi, həvəs o həvəs…
Bilmirsən, biz niyə bir olmadıq bəs?
İçimdə ünvansız yoxluğun qalıb!
28.04.2019
Keçdi ömrüm – günüm həsrət içində,
Həsrəti duymağa zaman olmadı.
Uçdu xəyalımda ağ qağayılar,
Yelkən tək əlimə qonan olmadı.
Dəlilər qəhr edər aqil düşmanı…
Ən böyük rəqibim yel dəyirmanı.
Baxdım, Don Kixotlar tutub dünyanı,