İdeal insan yoxdu, onu heç vaxt özləmə,
heç də bu həyatdan yaxşı əsər gözləmə.
Hər kəs bir rol oynayır
özü bildiyi kimi.
Biz həyatda biri-birimizin
əksiklərini doldurmaqla məşğuluq.
Oxumadığım, rejissorunu görmədiyim əsərdə
sən məndən yaxşı aktyor olmağı gözləmə.
Komediya üçün nəzərdə tutulmuş tamaşanın
sonu faciə ilə bitir.
Səhnənin pərdəsi istənilən an bağlana bilir.
Son sözün ağzında,
son baxışın tavana zillənən gözümdə qalır.
Sonu faciəyə çevrilən bu həyat tamaşasında
sən məndən yaxşı aktyor olmağı gözləmə.
Mən faciə üçün yazılmış bir əsərdə
komik aktyor ola bilmərəm.
Pərdələr göz qapaqları kimi
tez-tez açılıb bağlanır.
Son pərdə gözləri qapamaq üçün sallanır.
Sən məndən yaxşı aktyor olmağı gözləmə.
Mən oxumadığım əsərdə
səhnəyə atılmış həvəskar aktyoram.
Özgə şəhərdə yaşamaq nə gözəl.
Özgə şəhərin gülləri də fərqli,
quşları da, ağacları da,
binaları da, adamları da…
Adam özünü və sevdiyini yaxşı tanıyır özgə şəhərdə.
Doğma şəhərin doğma küçələrindən,
sənə baxan pəncərələrdən, tanış adamlardan çəkinirsən,
sıxılırsan…
Özgə şəhərlərdə tək ay tanış, bulud tanış,
günəş tanış, yağış tanış, külək tanış, sən tanış…
Bir də bizi tək buraxmayan qaranlıq gecələr tanış.
Qarış bu şəhərin adamlarına, qaynayıb qarış.
Dodaqların bizi unutduğu, qulaqların sakit qaldığı
bu yerlər necə də gözəl.
Gizlində dediyimizi aşkarda deyəcəyik,