Qaçıb bu şəhərin əlvan bənizi,
dənizə uzanan küçələriylə,
bu şəhər boğmağa aparır bizi.
Sənin gəlişini görən ləpələr,
önünə yüyürər, arxanca qaçar.
Sonra ayağından, izindən öpər,
əyilsən üzündən, gözündən öpər.
Sonra qulağına nəsə pıçıldar,
yanağın allanar, gözün parıldar.
Səni öz yanında saxlasın deyə,
gəlib izlərini yuyub aparar.
Sən də bu sevincin sədalarında,
ləpə paltarında gəlin olarsan.
Bu gecə toyuna gələn balıqlar,
düzülər boy-boya şahidlər kimi.
Sonra bir gecəlik hey sevişərlər —
atılıb düşərlər, alqış deyərlər.
Külək də «Mendelson marşı”nı çalar.
Bu gecə dalğalar dəniz toyunda
ləpəylə ilk dəfə bir vals oynayar.
Ay da olanları göyə yollayar.
Bu gecə bir ülvi sevgi gecəsi,
dəniz qucağında bir eşq nəşəsi.
Səni dəniz təki qucaqlayaydım,
səni dəniz təki öpə biləydim.
Səni dalğalartək alıb qoynuma,
səni ləpələrtək sığallayaydım.
Nə ay görə bizi, nə günəş baxa,
çəkilək dənizin sərinliyinə,
çəkilək dənizin dərinliyinə.
Bir özgə baxış da səni görməsin,
bir özgə çağırış da sənə gəlməsin.
Gəl gedək, gəl, gedək biz olan yerə,
özümü dəniztək göstərim sənə.