Su üzərində bahar - страница 9

Шрифт
Интервал


Yeni; iki nəfərlik.
Uzunu bir yol boyu,
eni iki nəfərlik.
22.01.2014

Yenə

Yenə bir öpüşün yeri göynədi,

alışıb od tutan yanaqlarında.

Bir həsrət özünə yer tapa bilmir,

titrəyən, səyriyən dodaqlarımda.


Təzə qanad açıb uçan bu qızın

könlünə bu gecə «soyuq”mu dəydi?

Yoxsa ki dənizdən əsən küləklər

o kövrək hislərin qanadın əydi?


Harada gizlətdin, haraya atdın,

xəyali gecənin naxışlarını?

Dəli küləklər də qopara bilmir

yollara dikilən baxışlarını.


Küskün baxışları yollardan yığıb,

qoynuna sığınan qollardan çıxıb,

alıb əllərimə yanaqlarını,

alıb dodağıma dodaqlarını

səni o gecədən qoparacağam,

səni öz gecəmə aparacağam.

Necə qıydın, İlahİ

Necə qıydın, İlahi,

necə qıydın gözələ?

Üzünə qırış saldın,

saçlarına dən saldın.

Necə qıydın, İlahi,

necə qıydın gözələ?

Hər qırışı görüncə

ürəyimə xal düşür.

Səbrim bir tikə olur,

köksümə ləkə düşür.

Qəribə bir kölgə var

qürub saçan üzündə,

dünya sönür gözümdə.

Necə qıydın, İlahi,

necə qıydın gözələ?

Bilirsən necə qorxur?

Dözə bilmir bu «dərdə».

Qorxur gözəllik bitə,

düşüb gözündən itə.

Güzgü əlində sınar,

hər kəs gözəli qınar.

Mənim gözlərimdəki

gözəllik itən deyil,

qurtaran, bitən deyil.

Bir onu bilirəm ki,

itməz onda gözəllik.

Yaş üstünə yaş gələr,

bitməz onda gözəllik.

İçindəki gözəllik,

bir az da üzə çıxar.

Üzü, gözü nurlanar,

daha da gözəl olar.

Gözlərim alovlanar,

baxışım sığallanar…

O, mənimtək düşünmür,

düşünmür eyyy, İlahi!

Qadınlar ayrı cürdü…

Qadın incidi, dürdü…


Görəsən mənim qədər

dərdini çəkən varmı

yerdəki mələklərin?

04.05.2016

Günah

Üzəcək tərəddüd, üzəcək səni,

o kövrək ürəyin tab etməz buna.

O hisslər, duyğular bir etirafdı,

üzünü min kərə çəksən də yana.


Sənin etdiklərin günahdı, günah.

Sənin etdiklərin özünə qəsdi.

Çırpınıb üstümə yüyürən ürək

sinəndə car çəkir: «dözdüyüm bəsdi».


Sən niyə qənimsən özün-özünə.

Fikirlər hissini boğur hər gecə.

Hey dolub-boşalan, dəyişən halın

o kövrək qəlbini yaşatsın necə?


Hər gülü anlayan, çiçəyi duyan

özünü duymurmu? İnanmaq çətin.

Əlimdə gizlənən titrək əllərin

söyləyir: «yanmaq da, danmaq da çətin».

19.04.2014

Yuxusuz gecələr

Daha gecələrin yuxusu qaçıb.

Daha yuxular da şipşirin gəlmir.

Gecənin halını kim qaçırıb, kim?

Bu halsız gecələr özünə gəlmir.


Dəniz qaranlığı alıb qoynuna,

sahilin dərdini ləpələr çəkir.

Bulud arxasında gizlənib ay da,

gündüzün dərdini gecələr çəkir.


Bu gecə meh də yox, yatan ağacda

yarpaqlar boynunu budağa dikib.