Səni sevmək üçün gəldim dünyaya. Şeirlər - страница 2

Шрифт
Интервал


Rəngin üç olsa da, qan rəngindəsən,
Qaçqın, köçkün də sən, didərgin də sən…
Zəfər döyüşündə ürəyimdəsən,
Sənsən cəsarətim, savaşım Bayraq.

Vahid Çəmənlinin şeirlərində səmimiyyət var. Özü necə danışırsa, şeiri də adamla eləcə, səmimiyyətlə, ədəblə danışır. Hətta deyişmələri də…

Əlindən qum kimi süzülüb axdı,

Hesabı qum qədər olan günlərin…

Ağrısı, acısı canını yaxdı,

Vədəsiz açılıb solan günlərin.


Vahidin ruhu oxşayan, sadə dildə yazılmış gözəl şeirləri var.


«Gəlir» şeirində yazır:

…Söyüdlər üstümə sallayıb çətri.

Məst edir nanənin, yarpızın ətri,

Sinəmdə çağlayır nəğmənin sətri,

Ağ vərəq üstünə şirin söz gəlir.


Vahid, içimdədi harayım, hayım…

Yanır, külə dönür məhəbbət payım.

Qayğımı çəkməyə yox əmim, dayım,

Nə Sakit yetişir, nə Çingiz gəlir.


İndiki qarışıq dünyada qayğını çəkməyin çətinliyi başa düşüləndi. Amma inanıram ki, Vahidin şeirlərinin daxili səsini eşidənlər çox olacaq.


Kitabda Vahid Çəmənlinin son illərdə yazdığı şeirlərlə bərabər onun Rahib Məmmədovun xatirəsinə həsr olunmuş “ Unudulmayan qəhrəmanlar» sənədli əsəri də yer alıb.

Ağdamın birinci Qarabağ müharibəsində 6 mindən çox şəhid qəhrəmanlarından da əvvəl qəhrəman olmuş övladlarından biri – 20 yaşlı əsgər Rahib Məmmədovun 1987-ci ildə Rioni çayının daşması nəticəsində ölümlə üzbəüz qalan Gürcüstanın Xobi rayonun Çaladidi kəndinin sakinlərini təkbaşına xilas etməsindən, gürcü xalqının ona olan sevgisindən, Çiladidi və doğulub boya-başa çatdığı Ağdamın Mahrızlı kəndlərindəki məktəblərə Rahib Məmmədovun adının verilməsindən, o dövrdə, SSRİ məkanında bu hadisənin böyük əks-səda doğurmasından yazan müəllif əsərdə qəhrəmanın və qəhrəmanlığın unudulmadığını sənədli formada oxuculara çatdırır.

İnanıram ki, Vahid Çəmənli bundan sonra da könlümüzü oxşayan yeni şeirlərlə, əsərlərlə bizi hələ çox sevindirəcək.

Rəfail Tağızadə
Şair-publisist

El anası anaların anası Hürİzad xalam


Böyük ürəyi vardı desəm, dilini, gözlərini, əllərini, dizlərini incidərəm;

O dil ki, «can» deməkdən yorulmazdı. O dil ki, həmişə haqqa şəhadət verərdi. Yanında bir adam haqqında qeybət edə bilməzdin. Sözünü ağzında yarımçıq qoyar, səni dediklərinə peşiman edərdi.

O gözlər ki, hamıya sevgi ilə baxardı. Gülən gözləri vardı. İçində nə qədər dərdi olsa da, qapıdan girəni gülə-gülə qarşılayardı. Yeddi arxa dönənindən hal-əhval tutmayınca rahat olmazdı. Bir stəkan su da olsa, içirməyincə əl çəkməzdi.