Odum da yoxdu,
Bəlkə… bu sobanı yaxıb gedəsən.
Çaydana tökməyə suyum da yoxdu,
Bəlkə… çaydanıma axıb gedəsən.
Hasarlar əyilib, haçası üçüb,
Evimin divarı, bacası uçub…
Şeirimin misrası, hecası uçub,
Bəlkə… vərəqləri yığıb gedəcən.
Bilmirəm, başımda ta nələr oynar?
Bağımda yel əsər, yengələr oynar.
Quru torpaq üstə kölgələr oynar,
Bəlkə… yağmur kimi yağıb gedəsən.
Bağda bağlı qalıb qara Bəyənək,
Çürük salxımlardan əyilib tənək.
Naxırdan qayıdıb Sarıqız inək,
Bəlkə… bu inəyi sağıb gedəsən.
Mən özüm hardaym, xəyalım harda?
Yetmir harayıma ana da, yar da.
Nə işin var idi özgə diyarda?
Niyə xatirəyə sığıb gedəsən
Vahid, bu xəzana bağladın ümid,
Xəzan keçib getdi, qoydu naümid…
Vallah, mən deyiləm sən gəzən igid,
Bəlkə…
Vədəsində çıxıb gedəsən?
Dostum Nizami Bayramova zarafatyana
Günlərin hesabı çıxır yadımdan,
Nə qədər sayıram, yenə kəm gəlir.
Deyirəm, yaxamdan əl çəksin qəmim,
Fərq olmur, – ya hasil, ya da cəm gəlir.
Yaz ötür, qış hələ çıxmır canımdan,
Yay da fayton ilə keçir yanımdan.
Viruslar əl çəkmir ev ünvanımdan,
Gah qrip ilişir, gah zökəm gəlir.
Vahid, bir-birindən xoş olur ilim,
Gah dizim ağrıyır, gah tutur belim.
Məni aparmağa qıymır ki, ölüm,
Əzrayıl qapıma hər gün dəm gəlir.
Lal olmaq yaramaz Vahid adına,
Kim səni qorxudub, edib lal bəndə?
Dilini ağactək yanına qıssan,
Zaman özü vurar sənə nal, bəndə.
Sənin düşüncənlə dönmür kainat,
Uçmazsan, qızıldan taxsan da qanad.
Ağlının boynuna hərdən kəmənd at,
Yoxsa, edər səni halbahal bəndə.
Ay Vahid, can desən can olar cavab,
Sancarsan, sancarlar, – gətirməzsən tab…
Şəkərli sözünlə dolu olsun qab,
Qoy, səni görən də olsun bal bəndə.
Vahid Çəmənli Sarı təpənin üstündə