El arasında - страница 2

Шрифт
Интервал



Əli Hüseynovun əməyi təkcə rəhbərlik tərəfindən yox, Pircahan sovetliyi və yaxın kəndlərin əhalisi tərəfindən də həmişə yüksək qiymətləndirilmişdir.

Ədalətli və prinsipial xarakteri, Əli Hüseynovu sevilən və sayılan bir el ağsaqqalına çevirmişdir.

Əli Hüseynov doğma yurdunun düşmən tərəfindən işğal olunduğu 17 may 1992-ci il tarixinə qədər Pircahan kənd Rabitə Şöbəsinin rəisi vəzifəsində işləmişdir.

Əli Seyid Müseyib oğlu Hüseynov (Mirzadə)4 noyabr 2019-cu il tarixində, doğma yurdunun həsrəti ilə, Sumqayıt şəhərində vəfat etmişdir.

Doğma yurdu Laçının, düşmən tərəfindən işğalı, Əli Hüseynovu dərindən yaralamış və beləliklə onu öz hisslərini şeirlərə əks etditməyə vadar etmişdir.

O, şeirlərini Seyid təxəllüsü ilə qələmə almışdır.

Bu kitabda, Əli Hüseynovun 1992-ci ildən bəri yurd həsrəti ilə qələmə aldığı şeirlərinin bir hissəsi toplanmışdır.


Dağlarda


Dostlar, ürəyimdə arzularım var,

Cəsur qartal olub uçam dağlara,

Qıy vuram, hay salam dərələrində,

Zirvədən zirvəyə keçəm dağlarda.


Daşlardan süzülən sərin bulağı,

Qoyunlu, quzulu, güllü yaylağı,

Xəstənin dərmanı çiçəklərini,

Birbəbir arayıb, seçəm dağlarda.


Çıxam dağ döşünə, kəkotu dərəm,

Əvəlik xörüyün ip üstə sərəm,

Dəstə cincilimi, qırxbuğumunu,

Dəstə-dəstə tutub, biçəm dağlarda.


Alması, armudu cürbəcür barı,

Qaymaqçiçəyində balın nübarı,

Yağı torpağında, düşmən əlində,

Qalmasın pətəyim, beçəm dağlarda.


Yaşıl meşələrlə, gen dərələrlə,

Burula-burula çeşmədən gələn,

“Xəzəltökülənin” billur suyundan,

Əyilib doyunca içəm dağlarda.


Torpağım ağlayır, daşım ağlayır,

Gözümdən süzülən yaşım ağlayır,

Əziz simsarların nurlu məzarı,

Bilirsiz qalıbdır neçəm dağlarda.


Seyid intizarda, ürək dardadır,

Xəyalım dağlarda, o diyardadır,

Axirət evinə, haqq dünyasına,

Yaşayam dağlarda, köçəm dağlarda.


Dağlar


Qar əliyər, çovğun vurar,

Maralların boynun burar,

Duman gələr, dəsgah qurar,

Amansızdır üzün, dağlar.


Qışda gül, nərgizin bitməz,

Zirvən uca, əlim yetməz,

El yeriməz, karvan getməz,

Kəsilər yol, izin, dağlar.


Kəkliklərin qara qonar,

Heç bilməzsən hara qonar,

Nə canlı, cansızı qanar,

Murovun, Qırx-Qızın, dağlar.


Havaların bəyazlaşa,

Qar əriyə, çaylar daşa,

Göldə sonan qaqqıldaşa,

Gəlib görrəm özüm, dağlar.


Seyid sizdən ayrı düşdü,

Sızlamaqdan bağrı bişdi,

Bu nə zülüm, bu nə işdir,

Qan ağlayır gözüm, dağlar.


Laçın


Adın bəlli oldu bütün dünyada,