Heyif, vüqarından yenildin Laçın.
İgidlər qorumuş səni hər zaman,
Satqınlar feli ilə verildin Laçın.
Əzəl satılmışdı şah Qaragölün,
Heç kim inanmazdı satılar elin,
Ayağı altına fitnənin, felin,
Cındır palaz kimi sərildin Laçın.
Varı-dövlətindən əl çəkdi xalqın,
Zəngin sərvətindən əl çəkdi xalqın,
Gözəl nemətindən əl çəkdi xalqın,
Dəyməmiş meyvə tək dərildin Laçın.
Seyid ədalətnən nəzm elə barı,
Qurd quzudan dayanmışdı yuxarı,
El gözüdü, yaxşı görür onları,
Yaxşılar pis kimi göründü Laçın.
Laçından olmuşuq
Eşidin ariflər, bilsin el-oba,
Laçın kimi cənnət cahandan olmuşuq,
Yaşıl meşə, sərin sular, təmiz hava,
Ətir saçan gözəl məkandan olmuşuq.
Sərt qayalar, uca dağlar, zirvəsi qar,
Güneyləri, quzeyləri axar-baxar,
Çiçəyində min bir dərdin dərmanı var,
Dərd sağaldan həkim, loğmandan olmuşuq.
Şır-şır axan dərələri, çayları var,
Dürlü-dürlü, fəsilləri, ayları var,
Gur ovası, hayları, harayları var,
Çal-çağırlı haydan, haraydan olmuşuq.