Qəm yağışı - страница 16

Шрифт
Интервал


– Səndən çıxmayan iş, bu gün tez yekunlaşmısan, – deyərək, maşını qəbul etdi.

– Biz paxıl deyilik. Qoy, başqalarının da imkanı olsun işləyib pul qazanmağa! – zarafatla cavab verdim.

Avtobusu sürdüm dayanacaq yerinə. Yol vərəqini dispetçerin pəncərəsinə ötürdüm. Çıxdım bayıra.

Baysal, həmişə gündüz işlədiyi üçün,saat 5-n yarısı, uzağı 5-də qurtarırdı işi. Mən qaraşdan çıxanda, onların briqadası artıq getmişdilər. İnsitutdan çıxanda onsuz da, görüşəcəkdik.

Gəldim evə, yuyunub «diplomat» adlanan çantamı götürüb çıxdım. O vaxtlar diplomatla gedirdik dərsə, moda belə idi. Həm də kitab-dəftərlər rahat otururdu ora.

Məktəbə adi marşurutla gedəcəkdim. Çıxdım dayanacağa. Bizim parkdan olan “İkarus” markalı avtobusa mindim. Sürücü tanış idi. Zarafatla:

– Piyadasan, Azad? Tələbəvozun bu gün dincəlir, deyəsən?

– Hə, bu gün sərnişinəm.

Dərs başladı, İnqa hələ yox idi. "Yəqin, düşünüblər, mən avtobusla gedəcəm. Məni gözləyiblər və gecikiblər", – deyə düşündüm öz-özlüyümdə. Bu variyant mümkün idi, bir dəfə olmuşdu belə.

Bir saat keçdi, İnqa gəlmədi. Dərs qurtardı, dayanacağa çıxdım tezcə. Bəlkə, Baysal tək gəlib?

Xeyr, İnşaat institutunun tələbələri çıxdılar, tanış bir tələbə gördüm, yaxınlaşıb soruşdum:

– Baysal gəlməmişdiki dərsə?

– Yox, bu gün yox idi, – oldu cavab.

Bir neçə başqa tanış tələbələr də yaxınlaşdılar. Onlar da Baysalın bu gün dərsə gəlmədiyini dedilər. Başa düşüləsi iş deyildi. Mən bilən, oxuduğumuz birinci gündən

ilk dəfə idi ki, istər İnqa, istər, Baysal dərsə gəlməmişdilər.

Nə isə ürəyimdə böyük narahatçılıq əmələ gəlmişdi. Yəqin ki, nə isə baş vermişdi – amma nə, onu bilmirdim.

Onların yaşadıqları yer yolumun, demək olar ki, üstü idi. «Neftebaza» adlı dayanacaqda düşdüm, üz tutdum onların binalarına tərəf. Yoldan 300–400 metr məsafə idi. Evin yanına çatanda onların pəncərəsindən işıq gəlmədiyini gördüm. Saat 11 idi, bəlkə yatıblar, hər ikisi səhər işə gedəcəklər. Bəs onda instituta nə səbəbə gəlməyiblər, həm də, hər ikisi. Qalxdım 3-cü mərtəbəyə. Nə olacaq, oyansınlar. Qapını yavaşca döydüm.Cavab gəlmədi. Başladım bərk taqqıldatmağa. Xeyri olmadı. Yüz faiz əmin oldum ki, evdə heç kim yoxdur. Bəlkə, harasa qonaq gediblər?

Çıxdım binadan. Nə etmək olar, ayrı yol yoxdur əlaqə saxlamağa. Sabah görüşərik, bir şey bilərəm.

10-cu hissə