Baysal bir müddət xəstəxanada qaldı. Gündə gəlib gedirdim. Ümumi səhhəti yaxşı görünsə də, mən onun sifətində hansısa sarı rəngin izi əmələ gəldiyini görürdüm. Dostum ümumiyyətlə qarayağız insan idi. Yəqin, olsaydı ağ bədənli, bu sarı rəng özünü daha tez biruzə verərdi.
Bir gün xəstəxananın görüş zalında oturmuşduq, İnqa yanımızda yox idi. Baysal mənə dedi:
– Bilirsən, Azad, nəyə heyfislənirəm – İnqayla evlənməyimə! O gözəl insanı bədbəxt etdim… Ömrüm qırıla bilər.
– Olan işdir, hər şeyi faciyəyə çevirmə. Nə olar insan xəstələnər. Sizdə hər iş əla olacaq. Sən inan, yalnız inan!
– Mən belə başa düşdüm ki, ciyərlərim, böyrəklərim pis vəziyyətdədir. Hətta, beynim də şüalanmanın izini saxlayıb özündə.
– Hər nə olsa da, müalicə yolu var ki!
– Müalicə yolu var, edirlər də. Bəlkə də mənim səhhətim yaxşı olacaq. Amma, uşağımız da olmaya da bilər.
– Sən özünü az qorxut, bilirsən ki, ən ilk müalicə sənin özünün daxili inamındır, Baysal! Nikbin ol!
– Yaşayaq, baxarıq.
Bir neçə gündən sonra xəstəxanadan çıxdı. Gümrah görünürdü. Amma, Baysalı da keçirtdilər yüngül işə, yüngül iş cədvəlinə.
İnsan qayğıkeşliyinin sərhədi olmaya da bilərmiş! Siz görəydiniz İnqanın Baysala göstərdiyi qayğını! Hansı arzunu, istəyi Baysal dilinə gətirməyə bənd idi ki, dərhal yerinə yetirsin. İşdən əlavə qalan bütün vaxtını yalnız ona qulluq etməyə həsr etmişdi…
Vaxt gedir, günlər keçir, həftələr bir-birini əvəz edirdi. Baysalın gün-gündən zəifləməyini, səhhətinin pozulmuş olduğunu daha görməmək mümkün deyildi. Onun anadan gəlmə qarayağız olmağı indi üzünün saralmasını gizlədə bilmirdi. Bundan əlavə, arıqlamağı da göz qabağında idi. Bu güclü insan hər şeyi başa düşsə də, ruhdan düşmürdü.
– Qərara gəlmişəm: sabahdan başlayıram köhnə işimə – idman zalında fəaliyyətə. Gərək, elə gələn gündən məşğul olaydım. Ona görə də məni axşamlar görmək istəsən, gələrsən ora.
Mətbəxdə oturub çay içirdik. İnqa yox idi, deyəsən, mağazaya getmişdi.
– Düz edirsən, yoxsa, təmiz tənbəl olub getmisən.
– İkicə ay məşğul olum, qayıdacam həmin formaya. İdman böyük qüvvədir, qardaş.
–Əla fikirdir, konkret nə ilə məşğul olmaq fikrin var?
– Elə hər şeylə. Ştanq, turnik, nə var hamısı ilə.
– Əlbətdə, lazımdır. Tez də düzələcəksən. Axı, sən idmançısan.
Bir neçə gün keçdi. Hər ikisi qonağım idilər, mənim otağımda oturub söhbətləşirdik. İnqa Baysalın yanında dayanıb, bizə qulaq asırdı.