– Bağışlayın mənə bura təzə daxil olmuş bir xəstə barədə məlumat verə bilərsinizmi? Adı bu, famili – bu.
Baxdı dəftərə.
– Bəli, buradadır. Palata 7. Bu gün onun yanına düşə biləcəyinə güman yoxdur.
– Niyə, bilmək olarmı?
– Qərar qəbul etsələr əməliyyat olacaq. Onurğa sistemində zədə!
Onurğa! Beyin kütləsi bədənin kompyütoru, onurğa onun dayağı. İlahi, kömək ol hamıya!
Qapını açıb çölə çıxdım. Bir az gəzişmişdim ki, İnqanı gördüm. Bu gün gördüyüm İnqa dünən gördüyüm insan deyildi! Bu günkü gündə, bircə günün içində nə qədər dəyişmişdi, qocalmışdı, səsi xırıldayırdı. Yuxarıda imiş, xəstənin otağında.
Bircə ifadəsini başa düşə bildim:
– Belini sındırıb! – İnqa hönkürüb ağlayırdı.
Bu iki kəlmə məni sanki, kəsdi ortadan! Bu pis xəbər üstəgəl İnqanın ağlamağı, mən dözə bilmədim, asılı olmayaraq göz yaşlarım axdı. İki cavanın burada boyun-boyuna verib göz yaşları tökməsi heç kimi təəcübləndirə bilməzdi. Bura xəstəxananın həyəti idi…
Hadisə idman zalında baş verib. Çox güman ki, Baysal ştanqa qaldıra biləcəyindən ağır olan yük qoyub. Qaldıra bilməyib, ya büdrəyib, hər nə olubsa, ştanq düşüb üstünə.
İki insanın onsuz da ağır olan həyatında daha ağır günlər başladı. Radiaktiv şüalanmanın güclü təsirinə məruz qalmış bədən bu zərbədən sonra sağalmaq, ayağa qalxmaq şansını endirdi sıfıra. Həkimlərin müalicə məqsədi ilə bir ay çalışmaları onunla qurtardıki, Baysalı uzanıqlı vəziyyətdə gətirdik evə. Qalxmaq, gəzmək imkanını itirmiş bir insan nələr düşünürdü ürəyində? Bir vaxtları klubda böyük skameykanı əlində çöp kimi fırladaraq bir qoşunun üstünə yeriyən pəhləvan bədən bu gün alt paltarını özü dəyişə bilmirdi. İgid insanın, mərd dostun, etibarlı və sevimli ərin final nöqtəsi bu idimi…
Yodaşlarla tez-tez gedirdik Baysala baş çəkməyə. İstirahət günləri isə gün üzündən orada olardıq. Çalışardıq onların bu çətin həyatlarına bacardığımız qədər müxtəliflik gətirək. Həm də,İnqaya kömək üçün Baysala nəsə verməyə, qulluq etməyə çalışırdıq.
Nə qədər desək də, İnqa insitutu atdı.
– Kim qulluq edəcək Baysala? Mən necə atıb gedə bilərəm dərsə!
– Mən köməkçi taparam!
İş yerimizdə bir süpürgəçi qadın vardı. Olduqca xoş xasiyyət, mehriban bir insan idi. Mən onunla danışdım, müəyyən əmək haqqı almağı şərti ilə razılaşdı həftənin 4–5 günü günortadan sonra Baysala qulluq etməyə. Xərcini mən götürürdüm üstümə. İnqa razılıq vermədi ki, vermədi.