– Biabırçılıqdı, qardaş. Tam yadırğamışam idmanı.
– İdmanı necə yadırğamaq olur?
–Əvvəllər qaldırdığım ştanq yükünün yarısını qaldırıram indi!
Baysal danışanda nəzərim onun masanın üstündə çarpazladığı əllərinə düşdü. Bir vaxtı polad olan barmaqlar, pələngi xatırladan pəncələr indi arıqlamış. uzunlaşmış, sanki sənətkar bir pianinoçunun əllərinə çevrilmişdi. Baysal baxışlarımı görüb, sanki, utandı. Əllərini götürdü stolun üstündən.
– Amma, artıracam ştanqı. Özümə söz vermişəm, günə 5 kilo artıq qoyacam. Sən ki, tanıyırsan məni!
Əllərinə nəzər saldığıma görə peşiman oldum.
Sabah 7 noyabr idi. Dövrümüzün ən böyük bayramına hazırlıq gedirdi. Bütün bu böyük ölkə bayram donuna bəzənmişdi. Hər il 7 noyabr günü bizləri hansısa müəssisələrə təhkim edərdilər. Səhər 8-də avtobuslar yğılardı zavodların, fabriklərin qabağına. Gözəl və yaraşıqlı geyimlər geyinən fəhlələr, idarə işçiləri əllərində bayraqlar, ala-bəzək şarlar, şüarlar dolardılar avtobuslara. Aparardıq o biri sahilə. Nümayişlər həmişə orada olurdu. Nümayiş qurtaranda, həmin vətəndaşları yenə qaytarardıq götürdüyümüz yerə. Bu dəfə mən biirdim ki, məni zavoda təhkim ediblər.
Axşam Baysalla İnqaya təklif etdim ki, gəlim sizin dalınızca, oturub gedırsiz mənlə. İnqa:
– Yox, mən öz kollektivimizlə gedəcəm. Kim nə aparacağı danışılıb. – dedi.
Təklifimi Baysal da qəbul etmədi:
– Mənsə getməyəcəm bu il nümayişə. İdman zalı boş olmağından istifadə edəcəm. Gedəcəm məşqə. Yoxsa, gəlirsən, gözlə, kim nə boşaldacaq.
İndi, illər keçib, düşünürəm: heç olmasa, 7 noyabrda onu özümlə nümayişə apara bilsəydim, görəsən qisməti nə olacaqdı?
Səhər tezdən gəldik zavodun meydançasına. Gözəl geyimli, əllərində al-əlvan şarlar və şüarlar tutan insanlar doldular avtobuslara. Getik lazım olan meydana. Hər şey lazım olunan tək keçdi. Xalq gözəl əhvali ruhiyyə ilə nümayişi qurtardılar. Sərnişinlərimizi düşürüb gəldik parka. Avtobusu öz yerinə qoydum, yol vərəqinə qeydlər edib gətirdim dispetçerə. Yol vərəqini verib aralanmaq istəyirdim ki, dispetçer:
– Dayan, Azad! – dedi, – Zəng edib, sənə bildirməyimi xahiş etdilər ki, dostun düşüb xəstəxanaya. Xəstəxana – filan, şöbə – filanıncı!
– Kim idi zəng edən, demədi ki?
– Qadın idi, deyəsən, ağlayırdı…
Evə getmədim. Nəsə hadisə olduğunu hiss edirdim.
Üz tutdum xəstəxanaya. Bu gün bayram günü idi, və ona görə də xəstəxana sanki, boş idi. Çərrahiyə şöbəsinin qəbul otağına girdim, qəbul saatı olmadığı üçün bura bağlı idi. Getdim növbətçi oturan yerə.