Qəm yağışı - страница 23

Шрифт
Интервал


Özündə güc tap, inqa! Sənə yaşamaq lazımdır, – dedim.

Mənə sıxıldı, nəsə demək istədi, göz yaşları imkan vermədi. Salondan çölə qaçdım. Mənə çətin oldu İnqanın yanında dayanmaq, tab gətirə bilmədim!

Gətirdim evlərinin həyətinə.

– Siz gedin, – dedi. – Mən özüm deyəcəm Baysala! Siz çıxın gedin,mənim əzizlərim! – Amma, sən, – üzünü rəfiqəsinə tutdu, – günortayacan hökmən gəl bizə, bir az köməyin lazım olacaq.

13-cü hissə

Fevralda Baysal köçdü dünyadan. Həyatdan aldığı zərbələrə dözə bilməyən bədən daha tab gətirə bilmədi, məchul bir gücə təslim oldu. Baysalın həyatdan getməyi dost-tanışları qəmgin etsə də, gözlənilməz olmadı. Onun günü-gündən sap-sarı saralmağı, qurumağı hamını çoxdan hazırlamışdı belə finala.

Dostlar, iş yoldaşları yığıldıq. Son mənzilə yola saldıq cavan bir insanı…

19 yaşlı qarı- bəli, mən səhv salmamışam- 19 yaşlı bir qoca qarı söykənmişdi mənə. Dilsiz-ağızsız, yalnız inildəməyə gücü çatan heysiz. bədbəxtliyə düçar bir neçə aya qocalmış qız-qarı…

İnqa özünə gələ bilmirdi. Saatlarla susur, bəzən verilən suala cavab vermirdi. Kimlərsə incimişdi, İnqanın susmağını saymamazlıq tək qəbul edənlər də olmuşdu. Axı, daxilində dağ boyda dərdi gəzdirən bir insanın həmsöhbət olmağı, gülümsəməyi asan idimi? Onun hər baxışı, hər «ah» çəkməyi yalvarış idi, köməyə çağırış idi. Mənim üçün çox ağır idi bütün bunların şahidi olmaq.

– Belə olmaz, İnqa! Ayrıl dünənindən, özünü ələ al. Danış bizimlə, çıx gəz bizimlə, başını qat. Bütün ömrün qabaqdadır.

Xeyri yox idi sözlərimin!

– Məni qorxudursan, İnqa! Mən bacarıqsızam sənin qarşında!

Başını tərpədir, “hə”, “yox”, “bilirəm” deyir, amma heç nə dəyişmirdi.

Nə etmək lazım olduğunu isə bilmirdim. Yemək üçün ona alınan nə olsa da əl vurmurdu. Vursa da, mənim xahiş və tələblərimə son qoymaq xatirinə bir azacıq.

Bir aydan artıq keçmişdi ki, İnqa üçün təcili yardım çağırmaq lazım gəldi. Feldşer müayinə edə-edə:

– Nə yemisən? – dedi.

– Heç nə…

– Haçan, heç nə?

– Bilmirəm!

Biz də bilmirdik.

İndi İnqanın vəziyyəti çətin idi. Təzəcə ailə həyatına qədəm qoyan gənc qadının aldığı aramsız zərblər, ər itgisi, ilk uşağının itgisi onu az qala dəli olmağa gətirib çıxarırdı. Nə qədər çalışsaq da, inqanı evdən bayıra çıxarmaq, nəyləsə başını qatmaq mümkün deyildi. Vaxtilə dünya gözəli adına layiq sayıla biləcək bir qız, indi, sözün həqiqi mənasında quru cəsədi xatırladırdı. Onun xarici görkəminin nə dərəcədə dəyişməsini sözlə ifadə etmək çətin məsələydi. Nə yeyirdi, bilən yox idi. O qədər ağlamışdı ki, göz yaşları yox idi, səsi də ki yalnız pıçıltı idi.