Arada iki dəfə bayıra çıxara bildim, amma, köməyi olmadı. Qrupumuzda adam qalmamışdı, hamısını İnqanın yanına gətirmişdim. Düşünürdüm, dost-tanışları görmək bəlkə ona ruhi dəstək ola, qəm-kədəri unutdura. Heç nə dəyişə bilmədim. Dərd məni götürmüşdü, nə edəcəyimi bilmirdim.
Axır bu qərara gəldim ki, anasını çağırım. Bilirdim ki, anası xəstədir, elə varlı da deyil. Məsləhətləşib, aviapoçta ilə bir məktub yazdıq, vəziyyəti başa saldıq. Hər ehtimala qarşı, ona 75 manat da pul göndərdik. Əgər yol pulu olmasa, istifadə etsin.
Haradasa, 10–12 gün keçmiş, anası gəldi. 40–42 yaşlı, arıq, amma gözəl, orta boylu bir qadın idi. İnqanın bu vəziyyətini görəndə az qaldı dəli osun.
– Mən dünya gözəli böyüdüb yola salmışdım, boylu-buxunlu, gözəl həyata layiq. Nə görürəm, Allah! Qayıdaq, qayıdaq öz evimizə, bala. Sənə yaşamaq lazımdır.
İki-üç gün idi, Zina xala gəldiyi. Üçüncü axşam dərs in biri olmadığı üçün institutdan tez çıxdıq. Belə qərara gəldik ki, İnqaya baş çəkək.
Bir xeyli oturduq onlarda. Anası istəyirdi İnqa qayıtsın evlərinə. Amma, nə vaxt ki, anası İnqanın onunla qayıdıb getməyi barədə bir söz deyəndə İnqa dəli olurdu. Bircə ifadəni təkrar edirdi:
– Yox! Yenə, yox!
Xeyli oturduq, artıq dağılışmaq vaxtı idi. Evə getməyə hazırlaşdım ki, anası da mənimlə qalxdı ayağa, çıxdı çölə.
– Mümkünsə, 10 dəqiqə dayana bilərikmi?
– Buyurun, əlbətdə! – dedim.
– Azad, oğlum, belə başa düşürəm ki, sən İnqanın xatirini çox istəyirsən, ona pis həyat arzulamazsan? – Zina xala sanki ağlayacaqdı!
– Bu nə sözdü, Zina xala! Əgər İnqanın sevincinə səbəb ola biləcək hansısa bir yol bir səbəb tanısaydım, inanın nəyim var verməyə hazır olardım.
– Elə bir yol var! – Zina xala dedi.
– Deyin, Zina xala. Məndən nə asılıdırsa, edəcəm.
– Mənə kömək et. İnqanı yola gətirək. Sən görürsən onun düşdüyü vəziyyəti. Hanı bir il qabaqkı İnqa? Bir dəri, bir sümük, belə getsə pis olacaq, çox pis olacaq işlər.
Bu həqiqət idi.
– Azad, səni demirəm, bu diyarda İnqanın başqa heç kimsəsi yoxdur. Körpəsini itirib, həyat yoldaşı sağ deyil. Bu dərddən, bu dəhşətdən onu aralamaq lazımdır. İnqa səni öz yaxını sayır. Bu üç gündə sənə necə inandığını, güvəndiyini gördüm. Sənə qulaq asır, sənə güvənir. Kömək et, kömək et, xilas edək mənim qızımı!
Arvad ağlayırdı.
– Getsin, bircə illiyinə getsin. Hətta, yarım il olsun. Sağalsın, dərddən azad olsun, yenə qayıtsın!