İnsan həyatını dövrlərə bölsək, gənclik yəqin ki, anadan olma hadisəsindən sonra ən maraqlı, ən yadda qalan dövr olacaqdır. Bu dövrdə insan həyatı təşəbbüskarlıqla, prinsipiallıqla zənginləşirlər. Ətrafında baş verən hadisələrdə konkret mövqelər formalaşır.
Haqqında nəql edəcəyimiz qəhrəmanlarımız – Azad və İnqa da həmin bu gənclərdən biri idilər, öz baxışları ilə, öz mövqeləri ilə. Bu mövqelərin formalaşmasında aldıqları həyat dərsi, buraxdıqları səhvlər, haqlı və haqqsız verdikləri itgilər – qurbanlar çox böyük rol oynamışdı.
Azad əsgərlikdən qabaq, və yaxud, əsgərlikdən bir il sonraya qədər həyatda nə istədiyini və gələcəkdə nəyi və necə edəcəyini tam arxayınlıqla söyləyə bilərdi. "Həyatdan nə istədiyini bilirsən, daha nə var yaşamağa!" – təcrübəsiz və məğrur gəncliyin həyat fəlsəfəsi bu idi. Gözlərində sevinclə yanaşı şirin vüsal həsrəti, ürəyində gözəl Solmazının intizarı ilə gözəl arzu-niyyətlərin gələcək tamı, dadı onu ömrünü rəngbarəng etmişdi. Fəlakət baş verənə qədər belə oldu! Milli adətin pərdəsi altında, " böyük olan yerdə kiçik qələt edir" lə onu Solmazından ayırdıqları, iki həyatı bədbəxt etdikləri günəcən.
Azad dəyişdi. Daha o hər şeyə inamla baxan deyildi. Arzularının zirvəsi olan Solmazı itirdikdən sonra hər sualda olmasa da, çox vaxt realist mövqe tutmağa çalışırdı. Ürək sızıltısı davam etsə də, yaralar hələ sağalmasa da. Onun İnqaya olan münasibəti də bu iki üz-üzə durmuş hissin təsiri ilə formalaşmışdı.
Bunları nəzərə alaraq, əgər biz Azaddan sual etsəydik:
– İnqa bu gün sənin üçün kimdir, onunla bağlı arzu və istəyin, niyyətin nədən ibarətdir?
Azad bizə gülümsəyərək, sadəliklə cavab verəcəkdi:
– İnqa mənim üçün çox əziz və gözəl bir dostdur, xatirini istədiyim bir insandır!
Bəs, biz İnqaya sual etsək:
– Azad sənin üçün kimdir bu gün? Onunla bağlı arzun, niyyətin?…
İnqa nə cavab verəcək? Gəlin soruşaq özündən, amma, bir az sonra…
Şərtlər və onlardan yaranan maneələr! Bəzən bu iki kəmiyyət təyin edir gələcəyimizi, yolumuzu. Bəzən, şərtlər və maneələr bizdən güclü olurlar. Mentalitet, adət – ən-ənə kimi varlıqlar doğuzdurur bu amansız şərtləri, keçilməyi çətin olan maneələri. Kimsə üstələyir bütün bunları, kiminsə gücü çatmır. Yəqin ki, Azad da üstələyə bilərdi. Amma, üstələmədi.