Qəm yağışı - страница 27

Шрифт
Интервал


– Mən bilmirdim şəkil sahibinin yoxluğunu. Mən bir axşamı, sənin otağında şəkili görüb bir neçə dəfə söz saldım. Hər dəfə mövzunu dəyişdin, şəkili də götürüb gizlətdin… Danışmaq istəmədin! Aylar, illər!.. İlahi! Niyə sən məni onda başa salmadın?

Və ağladı. Həm də ucadan. Sınmış taleni, ərini, uşağını, itirilmiş illəri ağlayırdı. Bu göz yaşları həm də gizlincə ürəkdə yaşayan, çalışıb – çapalayıb çıxmağa çalışsa da, sinədən kənara çıxa bilməyən bir nakam məhəbbətə ağı deyirdi… Bu haraya dözmək mümkün deyildi.

Göz yaşları içində nəsə pıçıldayırdı. Sinəmdə, beynimin içində hər şeyin bir-birinə qarışdığı üçün heç nə eşitmirdim…

O axşamı çox danışdıq. Bəzi söhbətlərdə, xatirələrdə uzaq dünyalara keçdik, xatirələr neçə qəmli-qadalı, gah da şirin çağları atdı ortaya…

Epiloq

Perronda sərnişin vaqonu ilə üzbə üz dörd nəfər gənc dayanmışdı. Onların qəmli baxışları vaqonun kupesində pəncərə önündə dayanan gənc qıza yönəlmişdi. Gənc qız pəncərənin şüşəsinə yapışmışdı. Perrondakı dörd nəfərdən biri çöl tərəfdən pəncərəyə yaxınlaşdı, nəsə demək, zarafat edib ağırlığı yüngülləşdirməyə cəhd etdi. Baş tutmadı. Danışa bilmədi, sözləri qırıq – qırıq alındı. Əlacsız vaqona söykəndi, az qala şüşəyə yapışdı. Qızın yorğun üzünə baxdı, nəsə demək istədilər bir – birinə,deyə bilmədilər. Sükuta daldılar. Qəfildən qızın nazik dodaqları titrəməyə başladı, və birdən hönkürüb ağladı…

Qapılar bağlandı, qatar ürəklərdəki həyacanı son həddə qaldıran bir siqnal verdi, yola düşdü.

– Mən qayıdacam, hökmən qayıdacam! – qışqırdı gənc qız.

– Altı ay nədir ki! – gənc dilləndi ürəyində, san ki, özü-özünə ürək verirdi.

…Bu səfər nə qədər çəkəcək…

Qatar yola düşən tək, İnqanın rəfiqəsi, qrup yoldaşı Azada bir dəfdər ötürdü.

– Bu nədir? – Azad sual verdi.

– İnqa verdi, sənə çatmalıdır.

Bu əzilmiş, bir azca da saralmış vərəqlərdən ibarət dəftər idi.

İnqanın hər gün qeydə aldığı, bəzisi bir – iki cümlədən, bəzisi isə vərəqin yarısını tutan hər bir xatirəsinin üstündə sərlövhə yerində iki parça olmuş ürək şəkli vardı. Sol parça alov içində, sağ parça isə bir az aşağı, aralı, sanki küsmüş vəziyyətdə idi. Hər səhifənin sonunda isə baş-başa dayanaraq qanadlarını qaldırmış iki quşun şəkli qoyulmuşdu. Quşlar san ki, uçmağa hazır vəziyyətdə, nəyisə gözləyirdilər. Bu səhifələrdə sevinc kədərlə, arzular məyusluqla, gülüş- göz yaşları ilə, məhəbbət nakamlıqdan parçalanan ürəyin fəryadı ilə üz-üzə dayanmışdı…