Qəm yağışı - страница 4

Шрифт
Интервал


Bir axşam yenə dərsdəydik. Nədənsə, qələmim yazmadı, rəngi qurumuşdu, ya nə idisə, əlləşdim, xeyiri olmadı.

Üz tutdum yoldaşlara. İnqa çantasından bir qələm çıxarıb uzatdı mənə.

– Yəni, bu ədəd qələm tək yaza bilir? – zarafatla dedim.

– Xəbərim yoxdur. Bəlkə də yazır. Son dəfə, deyəsən, uşaq bağçasına ilk ili gedəndə nəsə yazmışdım.

Dərs qurtardı. Kitab dəftərlərimizi yığışdırdıq. İnqadan aldığım qələmi özünə

qaytardım.

– Sağ ol, İnqa. Köməyin dəydi, sənin qələmin olmasaydı batmışdım, necə ki, Bermud üçbucağında gəmilər batır! – deyə zarafat etdim.

– İstəyirsən, gündə gəl qələmsiz, verərəm.

– Yox, qələmin lazım deyil. Dosta, yoldaşa xeyir vermək istəyirsən, deyim neynəmək lazımdır?

– Buna bax, "Stiven" in (müəllimin ləqəbi) cəngindən qurtarmışam, indi "sağ ol!" demək əvəzinə ilişir mənə.

– Mən sənə "sağ ol" deyirəm, İnqa! Özü də, qələmi verdin-vermədin, fərqi yox. Sənin elə bir pərəstişkarın yoxdur ki, sənə mən dediyim qədər "sağ ol" desin!

– Maraqlıdır, hansı xidmətimə görə?

– Sonra deyəcəm. Hələ yetişməyib vaxtı. Amma, indi sözüm başqadır. Bax, xahişim budur, hansı auditoriyada dərs keçsək, sən məndən qabaq gəlsən, elə yerdə otur ki, arxa oturacaq boş olsun. Həmin oturacaqda, düz arxanda mənə yer saxla.

– Yaxşı, bu nəyə görədir ki?

– Saçlarına baxmaq mənə ləzzət verir.

– Sən bura bilik qazanmağa gəlirsən, ya mənim saçlarıma baxmağa?

– Bilirsən, son vaxtlar mən də tez-tez sual verirəm özümə: yorğun, axşam qaranlığı bu uzunluqda yolu məni bura gətirən birinci səbəb hansıdır, İnqanın saçları, yoxsa gələcəyin dumanlı müdir olmaq arzusu?

– Və, əlbət də…

– Əlbət də! Çox düz nəticə!

Uşaqlardan biri qayıtdı ki,

– İnqa, gör nə qədər çoxdur saçın, 5-10 sm kəs, ya, bir neçə tük saç qopart, ver, qoy assın sükanın üstündən.

– Qoyardı qiymət kitabçasının arasına!

– Doğrudan ha. Olardı talismanım!

– Onda, day dərsə gəlməyəcək! Kim axşamlar bizi müftə dərsə gətirəcək, eləcə də, dərsdən aparacaq?

Qəh-qəhə ilə çıxdıq çölə. Doluşduq avtobusa.

Bir-iki gün gün keçdi. Söz-söhbət unuduldu (mən elə bilirdim!), hansısa auditoriyaya dərsə girdim. Yer tapıb oturmaq istəyirdim ki, İnqanı eşitdim:

– Hara, Azad? Nə tez yaddan çıxartdın xahişini? Mən sənə arxada yer saxlamışam, buyur gəl, otur.

İnqanın arxa tərəfi boş idi, keçdim ora.

– Bu başqa məsələ! Belə olarsa, dərsə həvəs də olar adamda, – dedim, – bir də gördün əlaçı oldum!