Qəm yağışı - страница 3

Шрифт
Интервал


Ümumiyyətlə, qrupumuzda 9 millətin nümayəndəsi vardı.

İnqa çox yaxşı oxuyurdu, həmişə də hazır idi yoldaşa köməyə. Amma, qrupa tam qarışa bilmirdi. Hamı yığılıb zarafat edəndə, deyib güləndə, o sakit dayanar, ya da zarafata sakitcə, aşağıdan gülərdi.

Çox xoşum gəlirdi İnqadan. Gözəlliyi ilə, mədəni davranışı ilə, savadı ilə ilk günlərdən seçilirdi başqalarından. Aramızda olan təmiz və təmənnasız dostluqla mən fəxr edirdim.

Şirin yoldaşlıq münasibətinin möhkəmlənməsinə, əsil tələbə dostluğuna çevrilməsinə bir gün baş verən kicik bir zarafat səbəb oldu.

İnqa və üç rəfiqəsi İpək kombinatında işləyirdilər. Bir dəfə semestr imtahanı ərəfəsində işlərində nəsə baş vermişdi. Bu səbəbdən onları, hətta istirahət günləri işə çıxarmışdılar. Ona görə də, İnqa rəsmixətt dərsinə yaxşı hazırlaşa bilmədiyi üçün get-gələ düşmüşdü.

Yaddaşımdan heç vaxt silinməz həmin günün İnqası.

Hansısa sxemi müəllimə verə bilmirdi. Düz çəkə bilməmişdi. Qəşəng gözləri yaşla dolmuşdu. Birinci və sonuncu dəfə İnqa dərsdə saçlarını töküb oturmuşdu. Bu vəziyyətdə İnqaya baxmaq, bu gözəlliyin şahidi olmaq çox xoş idi. San ki, hansısa dahi rəssamın rəsm əsəri idi İnqa!

Nədənsə, birdən hündürdən:

– İnqa, Yaradan səni yaradanda çox güman ki, sübay olub! Həm də, rəsmixətin nə olduğunu bilməyib. -dedim.

Əvvəlcə yavaşdan başlayan gülüşlər auditoriyanı başına götürdü. Bayaq gözləri yaşla dolu İnqa özü də gülürdü. Müəllim ayağa qalxdı, təbəssümlə İnqaya yaxınlaşdı:

– Ver qiymət kitabçanı!– dedi.

İnqa kitabçasını açıb verdi müəllimə. Müəllim İnqaya qiymət yazaraq, kitabçanı qaytardı və:

– Azada borclusan, heç olmasa onunçün bir-iki kökə bişir gətir! – dedi…

O gündən mən İnqa ilə aramızda olan dostluq- yoldaşlıq münasibəti daha bir pillə də qalxdı. Harada, necə yaşamağından asılı olmayaraq, gənclik öz yolunu seçir, hansı hisslərlə, istəklərlə yaşayacağın gətirir ortaya. Bəzən, ürəkdə olan ən dərin və aramsız sızlayan yaranın da gücü yetmir həmin ürəyi tam ixtiyarında saxlamağa…

Amma, onu da deyim ki, İnqanın saçlarına baxmaq doğrudan da xoşuma gəlirdi. Bu vurğunluğumun səbəbini ilk günlərdəcə başa düşdüm.

Olur ki, iki insanda gözlər oxşar olur, üz oxşar olur. Amma, sən demə saçlar da çox oxşar olarmış. Bu saçlar mənə heç vaxt əlim yetəcəyi mümkün olmayan bir məsafədə olan, ona sevgimi xoşbəxtliyimin zirvəsi saydığım sevimli bir gözəlin saçlarını xatırladırdı. Onsuzda unuda bilmədiyim keçmişi daha tam yad etməyə san ki, bu bir təkan idi. Keçmişin kədərini xatırlamaq da şirin olarmış…