Qəm yağışı - страница 8

Шрифт
Интервал


Baysal sinəsini verdi qabağa:

– Yaxşı, əgər ciddi deyirsinizsə, mən hazır! Bir qəşəng qonaqlıq məndə! Harada, nə vaxt desəniz, mən hazır!

Onlar başladılar plan qurmağa. Mən zarafat edirdim, Baysal ciddi qəbul etdi. Və ümumiyyətlə bu iş mənə lazım deyildi. Niyə? Bilmirəm.

– Yaxşı, dostlar. Siz düşünün, plan çəkin. Mən gedim. Təcili işim var, gedim onun dalınca. Sonra baxarıq!

İnqanın sevindiyini gördüm. Ona çox xoş idi ki, mən istəmədim onu Baysalın yanında görüm. Razı halda:

– Mənə heç nə gərək deyil, Azad, mən zarafat edirəm. Təcili işin varsa, mən də gedim, hazırlaşmaq lazımdır. – dedi.

Mən Baysalı pis vəziyyətdən çıxarmaq xatirinə ayrı mövzuya keçdim. Xeyli söhbətləşib ayrıldıq.

– İnqa necə gözəldir, ilahədir! – dedi Baysal yolda.

– İnqa həm gözəl və həm də əsl insandır! – dedim.

5-ci hissə

Günlər həftələri əvəz edirdi, həyat gündə bir yenilik gətirməklə qabağa yeriyirdi. Daha doğrusu uçurdu qabağa. Hər şey dəyişməyə üz tutduğu vaxt, yeniliklər tələb olunan yerdə mən yeganə məxluq idim ki, dünənimdən çıxa bilmirdim. Şüurum, zəkam bu günün tələblərinin dalısıyla çata bilmirdi. Ən pisi də bu idi ki, nələrin mənim özümdən asılı olduğunu yaxşı dərk edə bilmirdim, hərəkətsiz dayanıb, səs-küylə, taqqıltı ilə gedən həyat qatarının arxasınca baxırdım!

Keçmişin xatirələrindən silkinib çıxmağı bacarmaq lazımdır. Bu günkü günlə, bu günün tələbləri ilə ayaqlaşmaq gözəl bacarıqdır. O dövr, o il üçün ən başlıca bir səhvim yaşayırdı mənimlə: ətrafımı, həmişə qaynayan gənclik məkanını, cavanlığın tələblərini olduğunca dəyərləndirə bimədim, gecikdim.

Mənə talehimin təklif etdiyi İNQA adlı gözəlliyi, səadəti qiymətləndirə bilmədim, bəxtimə düşən imkandan sonacan istifadə etmədim. Kaş, biləydim onda, insan soyuqluğu nələri gətirə bilərmiş gündəmə!..

Kaş bu səhlənkarlığın bizə, xüsusən də İnqaya necə baha başa gələcəyini görə biləydim!

…İnstitutda kanikullar başlamışdı. İstifadə edərək təcili surətdə bir aylığına vətənə getməyi qərara aldım. Bir gün içərisində işdən mənzuniyyət götürdüm, bilet aldım.

Belə tələsməyə bir – iki səbəb vardı. Həmişə mən tələsmişəm, indi də hər nə etsəm tələsik edirəm. Həmişə də tələsməyimin ziyanını çəkirəm.

Amma, onda tələsmək lazım deyildi, heç olmasa İnqa ilə görüşmək, vətənə getdiyimi deməyim lazım idi. Əfsuslar, bu haqda gec düşündüm. Artıq vaxt yox idi. Və bu səhvim ağır bir yük olaraq asıldı boynumdan, ömrümün sonunadək, son nəfəsimə qədər…