Qəm yağışı - страница 9

Шрифт
Интервал


Bir aydan sonra qayıdıb gəldim. Vətənə son dəfəki bu səfərim tam uğursuz oldu. Ürəyimdə ümüdlərim yaşayırdı: azacıq da olsa bir məlumat bilmək. Bütün bu zəif ümüdlərimin üstündən çalın-çarpaz xətt çəkildi. Bu səfərimdə baş verən söz-söhbətlər, görüşlər mənə başa saldılar ki, keçənləri qaytarmağa heç bir yolum yoxdur.

İllərlə ürəyimin üstündə sevə-sevə gəzdirdiyim insanım yoxluğunu, mənim üçün əl çatmazlığını çoxdan bilirdim. Aramızda keçilməyi mümkün olmayan sədd qoyulduğu çoxdan mənə aydın idi. Mən bu dəfə bircə əsas ümüdlə getmişdim: beşcə dəqiqə də olsa görüşə bilim sevdiyim insanımla! Razıydım tək, ya, atası-anası ilə bir yerdə olsun. Mənə fərqi yoxdur, hansı şəraitdə görüşək! Görüm Onu, eşidim qərarını öz dilindən! Onu görmək əvəzinə, ağıla gələ biləcəyi mümkün olmayan vəziyətlə üzləşdim. Bakıda yaşayan yaxınlarımın da cəlb olunduğu mübahisənin dərinləşib uğursuz və sonu qaranlıq olan prinsipiyal münaqişəyə çevrilmə ehtimalı çıxdı ortaya. Solmazı görmək qismətim olmadı. Əvəzinə qohumları başa saldılar: münaqişənin uzadılması Onun məhvinə çalışmaq deməkdir! Unuda bilməsəm də bu işdə nöqtənin qoyulduğu aydın idi. Bu dərd yükü ilə qayıtdım arxaya…

Altıncı gün idi. Bir-iki saat dincəlib çıxdım şəhərə. Yolüstü, Baysalı soruşdum, dedilər, səhərdən yoxdur. Qərara gəlmişdim, gedim İnqanı görüm.

Yataqxanalarının yanında avtobusdan düşdüm, binanın arxasına keçmək istəyirdim ki, səsləyim. Birdən İnqanı gördüm. Yataqxananın həyətində Baysalla yanaşı oturub şirincə nəyisə deyib gülürdülər. İkicə saniyə dayandım. Və çevrilib getdim, uzaqlaşdım.

– Niyə belə etdim? Kiminsə mənim qabağımda hansısa öhdəliyimi vardı? İndiyə kimi İnqa ilə danışanda, hansısa dəqiq bir fikir, ürək sözü demişdimmi mən ona? Aylar ərzində azmı olmuşdu vaxtım, imkanım? Mən özüm özlüyümdə ciddi düşünmüşdümmü ikimizin gələcəyimiz barədə?

– Yox!

Oturdum avtobusa, sürücü ilə salamlaşıb keçdim axıra. Salon demək olar ki, boş idi. Gözlərim dikildi abtobusun enli pəncərəsinə. Fikrim getdi uzaqlara. Keçmişli- gələcəkli bir məkana. Pəncərə önündə dəyişən lövhələr, evlər, insanlar uzun həyatın kiçildilmiş variyantı idi. Artıq mənim üçün avtobusun pəncərəsi həyatın ekranı idi. Kimlər və nələr keçmədi bu ekrandan! Hansısa sirli qüvvəydi durub ekranın arxasında, kadrları elə sürətlə dəyişirdi ki, mənim şüurumun gücü çatmırdı bu dəyişilikləri qavrasın, dərk etsin! Deyəsən düşünmək bacarığım fəaliyyətini dayandırmışdı.